booked.net

Şuşa Zəfəri-Zəfəri dünyaya çatdıran Zəfər Qurultayı


Prezident İlham Əliyev aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında çıxış etdi

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyini, həm də diaspor fəaliyyətinin inkişafı üçün əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. 

Ölkə rəhbəri böyük iftixar hissilə qurultay iştirakçılarını salamladı: "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir."

Mədəniyyətimizin paytaxtı Şuşa öz doğmalarını günəşli hava ilə qarşılaması da onu göstərirdi ki, bu, bizim tarixi torpağımızdır. 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük savaşda istər ölkəmizdə, istərsə ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının yalnız bir arzusu vardı- Qarabağı mənfur düşməndən azad etmək. Bu hədəfə çatmaq üçün hamı çalışdı, hər kəs bacardığı qədər bu Qələbəni yaxınlaşdırmaq üçün var gücünü sərf etdi.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir.

Prezident İlham Əliyev 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupunun fəaliyyətsizliyi barədə də fikirlərini qurultay iştirakçıları ilə bölüşdü. Bildirdi ki, bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır.

Dövlət başçısı çıxışında qeyd etdi ki, müharibənin gedişatını milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız.  

Müharibə başa çatsa da düşmənin informasiya təxribatlarını davam etdirməsi yalnız özlərinin ziyanına işləyir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən nəhəng infrastruktur layihələri, quruculuq işləri bu yerlərin əsl sahibinin kim olduğunun təsdiq edir.            

Ölkə rəhbəri qurultayda çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılığının  olmasının əhəmiyyətini xüsusi qeyd etdi. Diaspor nümayəndələrinə ana dilimizin qorunmasının birlyimizin daha da möhkəmləndirilməsində böyük önəm daşıdığını xatırlatdı.  Azərbaycan məktəblərinin açılmasına dövlətimizin hər zaman kömək göstərəcəyini dedi. 

Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin qürurunu hər bir azərbaycanlının köksünü iftixar hissi ilə dolduracaq çox səmimi, ürəkdən gələn sözlərlə ifadə etdi: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər."

Şəhidlərimizin qisasını düşməndən döyüş meydanında alan rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu. 

"Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir", -deyən Dövlət başçısı  bildirdi ki, bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. 

İkinci Qarabağ savaşında Ermənistan ordusunda baş verən kütləvi fərarilik isə düşmənin Azərbaycan Silahlı Qüvvələri qarşısında necə aciz, gücsüz və qorxaq olduğunu göstərdi. 

Prezident İlham Əliyev çıxışında əminliklə qeyd etdi ki, postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və eləcədə bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik.

Erməni cəmiyyətində hələ də mövcud olan revanşist qüvvələr anlamalıdır ki,  yenidən müharibə xəyalına düşsələr bu, onlara daha baha başa gələcək.

İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididir. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik.

"Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq", -deyən Dövlət başçısı hesab edir ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və Azərbaycan tərəfi məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindədir. 

İndi 3+3 formatda beş qonşu ölkə əməkdaşlıq formatını yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər- Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir.

Ölkə başçısı İlham Əliyev bildirdi ki, tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. 

Bununla belə, Azərbaycan Diaspor təşkilatlarının nümayəndələri, xaricdə yaşayan soydaşlarımız Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətini məlumatlandırmaq missiyasını əzmlə, ardıcıl surətdə davam etdirməlidirlər. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı - Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra –1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı.

Prezident İlham Əliyev aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı əminliklə bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff