booked.net

Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları


Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.
 Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.
 Birinci növbədə qeyd  edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil,  həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.
 Qeyd edək ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.
 Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur. 
 Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
 Qeyd edildiyi kimi, ot və taxıl yığımı mövsümünün başlanmasına az qalır. Kombaynların  sahələrə  çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü  görüldüyü bir vaxtda dənli və texniki bitkilərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. İlk növbədə xüsusi olaraq  qeyd edək ki, müvafiq qanunvericilikdə mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbərinin tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması təsbit olunmuşdur. Odur ki, ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Taxıl və ot, küləş yığımına başlamazdan qabaq bütün təsərrüfat rəhbərləri kənd təsərrüfatı texnikasını ilkin yanğınsöndürmə vasitələri ilə təmin etməli, dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün müvafiq əmrlə cavabdeh şəxslər təyin etməlidirlər. Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs müvafiq qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimatlandırılmalıdırlar. Yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayan şəxslərin məhsul yığımında iştirakına yol verilməməlidir.         
 Taxıl yığımında iştirak edən  texnika yığıma başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra  sahəyə buraxılmalıdırlar.
 Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da  qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.
 Yığımda iştirak edən texnikaların yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanının əməkdaşı ilə birgə yoxlanılmalıdır.
 Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır.  Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə keşikçilər ayrılmalıdır.  Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.
 Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdolduran maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı texnikaların yanacaqla doldurulması yol verilməzdir.
 Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır! Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o, böyük zəhmət hesabına yetişdirilir.
 Meşələrin yanğın təhlükəsizliyi də daim diqqət mərkəzində saxlanılmalıdır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərilərinə çox mühüm vəzifələr düşür. Qeyd edək ki, külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə daha çox diqqət yetirilməlidir. Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından qorunması, ən qiymətli sərvətlərimizdən birinin qorunması deməkdir. Çünki insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın mənəvi borcudur.
 Meşələrin məhv olmasının əsas səbəblərindən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
 Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizəsi mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə, meşə sahələrində və zolaqlarında yanğına qarşı rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri, yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğından mühafizə  xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi də zəruridir.
 Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.
 Meşə sahələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsızlıqdan, meşədə iş və ya istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qalması meşə yanğınlarına səbəb ola bilər. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğının törənməsinə səbəb ola bilər.
 Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi və meşə ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafının 15 metr radiusda şumlanması təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
 Ot-taxıl biçini mövsümündə tarlalarda və meşə massivlərində yuxarıda qeyd edilən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə, sağlamlığımızın mənbəyi olan meşələrimizin yanğından qorunmasını təmin edək!

FHN DYNX-in Yanğına qarşı təbliğat şöbəsi


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff