booked.net

Prezident İlham Əliyev cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edib


Prezident İlham Əliyev çxışında Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu xatırladaraq bildirib ki, Parlament şəbəkəsi Qoşulmama Hərəkatının təkcə irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənən yeganə təşəbbüs deyil, digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Gənclər Sammiti də bu Hərəkatın institusional inkişafı üçün atılmış addımlardır və bu istiqamətdə praktiki addımlar atılmasının vaxtı çatıb: "Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək."

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub və fəaliyyətinin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfə verməyə çalışıb. Bandunq prinsiplərinin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edib. 

Prezident İlham Əliyev çıxışında  deyib: "Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə- bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi."

Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında keçirilən Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri ilk növbədə həmrəyliyin gücləndirilməsi idi. Ölkəmizin təşəbbüsü ilə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olundu. Əlbəttə, bu, ÜST üçün çox faydalı oldu. 

Azərbaycanın humanitar missiyasına toxunan Prezident İlham Əliyev bildirib ki,  ölkəmiz pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdı: "Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik."

Pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı Azərbaycan dövlətinin mübarizəsi Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir.

Prezident İlham Əliyev əminliklə söyləyib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Bu həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Bəzi ölkələlər Azərbaycana qarşı qarayaxma, böhtan və şantaj kampaniyasının aparıldığı bir vaxtda Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

Azərbaycan üçün taleyüklü həmin çətin dönəmi Prezident İlham Əliyev belə xarakterizə etdi: "Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər."

Azərbaycanın ərazi bütövlüyünə qəsd edildiyi, torpaqlarının 20 faizindən çoxunun erməni işğalçıları tərəfindən işğal olunduğu dövrdə münaqişənin həllinə kömək məqsədilə yaradılan Minsk qrupu, əslində münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqının ümidləri puç oldu. 30 il ərzində beynəlxalq ictimaiyyət bu ədalətsizliyə susdu. 

Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Prezident İlham Əliyev: "Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik."

Sözsüz ki, Azərbaycanın ərazi bütövlüyünü hərbi-siyasi yollarla özü bərpa etdikdən sonra Minsk qrupuna ehtiyac yoxdur. 

Prezident İlham Əliyev dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların baş verdiyi bir vaxtda Qoşulmama Hərəkatının bununla bağlı müzakirələri yenidən başlamağa ehtiyac olduğunu bildirib. 

Dövlətimizin başçısı onu da qeyd edib ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər: "Ümid edirəm ki, bu konfrans təkcə çox məhsuldar deyil, həm də ünsiyyət və sıx təmasların qurulması baxımından da yaxşı fürsət olacaqdır. Nəticədə isə biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq."


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff