booked.net

Prezident İlham Əliyev cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edib


Dövlət başçısı çıxışında altı ayın yekunlarını qiymətləndirib, görüləcək işlər haqqında danışıb. O, bildirib ki, ilin altı ayının nəticələri bir daha göstəriri ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir.

Cənab Prezident bu il həyata keçirilən xarici siyasətimizin uğurundan danışarkən bu istiqamətdə atılan yeni önəmli addımları da qeyd edib və vurğulayıb ki, bunun sayəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb: "Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik."

Önəmli addımlardan birinin bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısının və Parlament Şəbəkəsinin yaradılmasını olduğunu qeyd edən ölkə başçısı bu tədbirin əhəmiyyətini dəyərləndirərkən Qoşulmama Hərəkatının  potensialının böyüküyünü vurğulayıb. Bildirib ki, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.

Respublika Prezidenti İlham Əliyev bu təşəbbüsün Azərbaycanın olduğunu qeyd edib və bu istiqamətdə daha bir uğurlu işin başlanğıcının anonsunu verib: "Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır." 

Fəaliyyətində daim öz sözünə sadiq qalan Azərbaycanın beynəlxalq arenadakı rolu, həmrəyliyi, ehtiyac içərisində olan ölkələrə humanitar, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə yardımı ölkəmizin göstərdiyi yaradım dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirirlir. Bu isə nəticə etibarı ilə ölkəmizin beynəlxalq nüfuzunun böyük dərəcədə artması deməkdir. 

Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı imzalanacaq sənəd əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır;

Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman fəallıq göstərən Azərbaycan həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslarını genişləndirir. Bu təmasların fəal surətdə inkişafını xüsusi qeyd edən Prezident İlham Əliyev türk dövlətləri ilə əlaqələri öılkəmiz üçün prioritet məsələlərdən biri olduğunu bildirib və deyib ki, bu istiqamətdə həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır. 

Qonşu ölkələrlə əlaqələrin inkişafına da hər zaman böyük əhəmiyyət verilir, Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır.

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində atılan önəmli addımlara da diqqət çəkib və bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi olduğunu qeyd edib. 

Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. 

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Ermənistan əlaqələrinə də toxunub. Dövlətimizin başçısı bu əlaqələrin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, hələlik real nəticələrin olmadığından təəssüfləndiyini bildirib. Amma hər halda bu prosesin başlamasını uğurlu inkişaf kimi qiymətləndirib. 

Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışsa da  Ermənistan tərəfinin buna o qədər də meylli olmaması faktı isə, bu istiqamətdə görüləcək işlərin başlanmasının qarşısını kəsir. 

Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. 

Prezident İlham Əliyev çıxışı zamanı bu məsələlərdə Azərbaycanın mövqeyinin dəyişmədiyini bir daha bəyan edib və məsələnin həlli üçün gərəkli addımların atılacağını xatırladıb: "Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir." 

Dövlət başçısı İlham Əliyev bildirib ki, 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyə əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür: "Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün." 

Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib.

Son vaxtlar Ermənistan rəhbərinin yenə də hansısa status haqqında danışmağa başlamasına münasibət bildirən Respublika Prezidenti İlham Əliyev bunu Ermənistan üçün çox təhlükəli məsələ olduğunu bildirib: " Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz- bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur." 

Müşavirədə çıxışı zamanı ölkə başçısı altı  ay ərzində hərbi sahədə aparılan islahatlardan da söz açıb və bildirib ki, bu müddətdə struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir." 

Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində olduğunu bir daha qeyd edən ölkə başçısı çıxışında qeyd edib ki, müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır. 

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilməsi bu istiqamətdə atılan real addımların ifadəsidir. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.

Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.

Prezident İlham Əliyev azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərindən də söz açıb və qeyd edib ki, Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik. Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Bütün tender prosedurları keçir, şəffaflıq tam təmin olunur, heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək.

Dövlətimiizn başçı sosial məsələlərdən danışarkən son bir ildə orta əmək haqqının 14 faiz, pensiyanın 10 faizdən çox artığını qeyd edib. Bütün bu artımların mənbəyi dövlət büdcəsidir. Büdcənin böyüməsi isə dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur.

İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biridir. 

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır: "Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır. Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək." 

Avropa tərəfindən Azərbaycana təqdim olunan yeni layihə ölkəmizə çox böyük perspektivlər vəd edir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir: "Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz, əlbəttə ki, bu istiqamətdə işləyirik. Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili tələbatı ödəmək üçün, eyni zamanda ixrac üçün də nəzərdə tutmuşuq." 

Hələ ki, Azərbaycanın ixrac resurs bazası “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılanyataqlarından qaz hasilatı gözlənilir.

Artım nəqliyyat sahəsində də müşahidə olunur. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir.

Xəzər üzərindən yükdaşımaların həcminin artırılmasının artıq reallıq olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, gəmiqayırma zavodu tam gücü ilə işləməlidir. Zavod lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir. İldə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz- açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik.

Ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyini  də vacib məsələlərdən sayıb. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.

İlham Əliyev: "Təbii ki, gələn ilin büdcəsində infrastruktur layihələrinin icrası nəzərdə tutulacaq və hesab edirəm ki, burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda görürük, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük. Çünki biz indi təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırmışıq - əlbəttə ki, Qarabağsız, mən o bölgəni nəzərdə tutmuram. Elektrik enerjisinin idxalçısı idik, indi ixrac edirik və ixrac yollarını genişləndiririk. Avtomobil yolları, dəmir yolları, hava limanları, içməli su layihələri, yəni böyük layihələr icra edildi. Əlbəttə ki, növbəti mərhələdə sosialyönümlü infrastruktur layihələri mütləq icra edilməlidir. Biz bu dəfə də xüsusilə məktəb tikintisinə əlavə vəsait nəzərdə tutduq. Hələ ki, əfsuslar olsun, yararsız vəziyyətdə olan məktəblər var. Biz onları təsbit eləmişik və sosial infrastrukturla yanaşı, yenə də deyirəm, real sektora xidmət göstərən infrastruktur layihələrinə xüsusilə baxmaq lazımdır."
 
Ölkə başçısı bildirib ki, bu yaxınlarda Kəlbəcər, Laçın rayonlarında olarkən ona təqdim olunan layihələr arasında Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var. Bu, içməli su ilə bağlı olan problemləri böyük dərəcədə həll edəcək. 

Prezident İlham Əliyev görüləcək işlər sırasında ölkəmizin investisiya iqliminin daha da yaxşılaşdırmasını xüsusi qeyd edib və bildirib ki, xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz.

Ölkə başçısı keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmasını vacibliyini qeyd edibBu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytarmaq mümkün olacaq və eyni zamanda, onlar  iş yerləri ilə təmin olunacaqlar. 

Prezident İlham Əliyev müşavirədə yekun nitqində əminliklə bildirib ki, gələn il görüləcək işlər ölkəmizi daha da gücləndirəcək: "Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın." 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff