booked.net

Prezident İlham Əliyev cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib


       Bölgələrə səfərlərinin müntəzəm xarakter daşıdığını bildirən Prezident İlham Əliyev televiziyaya verdiyi müsahibədə aparılan işlərə özü nəzarət etdiyini bildirib və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işlərinin  daha geniş vüsət aldığını qeyd edib. 

          Ağsu və İsmayıllı rayonlarında böyük ifrastruktur layihələrin icra olunması da bu inkişafın mühüm göstəricisidir. Dövlət başçısının dediyi kimi, təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı- həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. 

           Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə bölgə tarixinin ayrılmaz parçası olan maddi-mədəniyyət abidələrilə bağlı  fikirlərini də bölüşüb və bir müddət əvvəl "Diri baba" türbəsinin bərpası, həm konservasiya olunması, həm də onun ətrafında turizm infrastrukturu yaradılması haqqında göstərişini xatırladıb: ""Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir." 

Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı Ölkə başçısının bir neçə il bundan əvvəl verdiyi xüsusi Sərəncam da dövlətimizin tarixi abidələrimizin qorumasına həssas münasibətinin göstəricisidir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. 

          Dövlət başçısı bu yerin tarixi simasının qorunması ilə yanaşı burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmasını, iş yerlərinin təşkil edilməsi üçün yeni imkanlar açılmasını məmnunluq hissilə qeyd edib: "Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır."

         Yeni iş yerlərinin açılması istiqamətində Ağsu rayonunda aparılan işlər də diqqət çəkir. Bu rayonda fəaliyyət göstərən böyük aqroparkın bölgə iqtisadiyyatına töhfələr verməsi  fərəhləndiricidir. Orada 200-ə yaxın iş yerinin açılması əhalinin məşğulluq məsələsinin həllində əhəmiyyətli faktordur. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir.

Respublika Prezidenti İlham Əliyev müsahibəsində bilidirb ki, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır, çünki əhali artması ilə iş yerlərinə tələbatda artır.

        Dövlət başçısı ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası məsələsinə də toxunub. Bildirib ki, iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. Ona görə ərzaq təhlükəsizliyi məsələsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu istiqamətdə vaxtında atdığı vacib addımlar sayəsində ölkəmiz üçün ərzaq təhlükəsizliyi başqa ölkələrdə olduğu kimi kəskin xarakter daşımır.  
 
            Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq. Bununla belə, Prezident müsahibəsində vurğulayıb ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır.

           Prezident İlham Əliyev: "Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək." 
               Ölkə başçısı respublika əhəmiyyətli daha bir vacib məsələyə toxunub. Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şəraitin olduğunu qeyd edən dövlət başçısı bildirib ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir.Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir.

            Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

            Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə avqustun əvvəllərində Qarabağda törədilən erməni təxribatına cavab olaraq dərhal keçirilən "Qisas" əməliyyatını qeyd edib və bildirib ki, şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq: "Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik." 

           Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.

            Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

          Ölkə başçısı televiziyaya verdiyi müsahibəsində Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirdiyi reallığına da toxunub: "Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar."

            Respublika Prezidenti İlham Əliyev bu məsələdə dövlətimizin qətiyyətli mövqeyini bir daha xatırladıb: "Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək."

           Ölkə başçısı bir daha bəyan edib ki, Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff