booked.net

Prezident İlham Əliyev 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata bəyanat verib


Bugünkü günü  Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gün kimi dəyərləndirən Prezident İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə- düz iki il bundan əvvəl Azərbaycan Ordusunun Zəngilan şəhərini erməni işğalından azad etdiyi  bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olmasının xüsusi məna daşıdığını bildirib. 

Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlının  erməni işğalından azad edilməsi Azərbaycan Ordusunun Böyük Zəfərə gedən yolda növbəti inamlı qələbəsi idi. Bu uğurlu hərbi əməliyyatdan sonra Silahlı Qüvvələrimizin bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamış, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşanın noyabrın 8-də erməni işğalından azad edilməsi ilə Azərbaycan Bayrağı qədim mədəniyyət beşiyimizdə dalğalandı, mənfur düşmən təslim aktına qol çəkməyə məcbur oldu. 

Mətbuata bəyanatında "Bütün bu şanlı tarix bizim müştərək tariximizdir" deyən dövlətimizin başçısı İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın  Azərbaycana dəstək ifadə etməsini bir daha böyük minnətdarlıqla qeyd edib: "Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı." 

Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark”ın yaradılması bunun bariz nümunəsidir. 

Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan inşaat, yol çəkilişi işlərində bizimlə bərabər əzmlə çalışır, "Böyük qayıdış" üçün öz töhfələrini verirlər. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və iki qardaş xalqın həmrəyliyi və işbirliyi sayəsində bu möhtəşəm layihələr reallaşacaq.  

Prezident İlham Əliyev mətbuata bəyanatında işğal dövründə mənfur ermənilərin yaşayış məskənlərimizdə törətdikləri barbarlığa, vəhşiliyə də toxunub. Dövlət başçısı xüsusi vurğulayıb ki, bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. 

Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük. 

Prezident İlham Əliyev bir gün əvvəl  Ağalı kəndində olarkən məktəblə bağlı təəssüratlarını da bölüşüb: "Məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər." 

44 günlük Vətən müharibəsi zamanı Türkiyə-Azərbaycan birliyinin bəzi qüvvələrin müdaxiləsinin qabağını almasını xüsusi qeyd edən dövlətimizin başçısı bildirib ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. 

İki qardaş dövlət arasında imzalanan Şuşa Bəyannaməsi isə Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda qardaş Türkiyənin son illər böyük uğurlu yol keçdiyini, dünya çapında güc mərkəzinə çevrildiyini qürur hissi ilə qeyd edib: "Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır."

Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxmasını, Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanmasını, ürəkdən gələn bu duyğuların əcdadlarımızdan qalan miras kimi dəyərləndirib və bildirib ki, bu, zəmanəmizin tələbidir. 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff