booked.net

“Siyasi partiyalar haqqında” AR Qanunu qəbul edildi


Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar bütün fəaliyyət sahələrində öz əksini tapır. Müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da islahatların aparılmasına zərurət duyulurdu. 
Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl- 1992-ci il iyunun 3- də qəbul olunmuşdu. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini tələb edirdi. Elə bu səbəbdən də Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ünvanladı.
Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi.
Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alındı. 
Onu da qeyd edək ki, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu prosesi tamamilə demokratik mühitdə keçdi. Qanun yaradıcılığı prosesində yalnız deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də iştirakı da onu göstərdi ki, "Siyasi partiyalar haqqında" yeni Qanun siyasi və sosial-ictimai zərurət olaraq ərsəyə gəlib.
Yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar öz əksini tapmışdır. Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsi məsələsidir. Yeni Qanuna əsasən siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək və ya çap mediasının iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. 
Bundan əlavə, “Siyasi partiyalar haqqında” Qanunda yeni məqamlardan biri də odur ki, siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir. Bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirilib. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. 
Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 
Siyasi partiya- Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi; 
Siyasi partiyanın nizamnaməsi- siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədi; 
Siyasi partiyanın proqramı- siyasi partiyanın ideoloji fəaliyyətini tənzimləyən və bu Qanunun 13.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş məsələləri əks etdirən sənəd; 
Siyasi partiyanın orqanları- siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, icra orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanı; və s. 
Onu da qeyd edək ki, bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları çoxdur. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.
Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir.
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.
Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.
Siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq.
Siyasi partiya dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməməlidir;
Əvvəlki Qanundan fərqli olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.
Yeni qanunun tələbi ilə siyasi partiya üzvlərinin reyestrini aparacaq. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edəcək.
Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək.
Yeniliklərdən biri də siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur.
Siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 1 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
Şəffaflıq üçün siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.
Yeni Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000 çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. 
Yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff