booked.net

ADPU-nun Şamaxı filialında Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 20 Yanvar faciəsinə həsr olunmuş “Zəfərə aparan yol” mövzusunda maarifləndirici dərs və “20 Yanvar qəhrəmanlıq və qürur günüdür” mövzusunda elmi-praktik konfrans keçirilib.
Öncə Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova “Zəfərə aparan yol” mövzusunda maarifləndirici dərs keçib. 20 Yanvar faciəsində canından keçmiş həmvətənlərimizin timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Zərifə Cavadova “Qanlı Yanvar” faciəsinin tarixindən, sovet imperiyasının qoşun birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən bəhs edib.
Dərsdə Azərbaycan Ordusunun Qarabağ Zəfərindən də danışılıb. Bildirilib ki, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə başa çatdı. Bu şanlı Zəfər ilə bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qisası alınmış oldu.
Sonra “20 Yanvar qəhrəmanlıq və qürur günüdür” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxış edərək bildirib ki, 20 Yanvar xalqımızın tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də qürur və qəhrəmanlıq günüdür.
Tədbirdə 20 Yanvar gününün tarixi faktlarını əks etdirən videoçarx nümayiş olunub.
Ardınca çıxışlar dinlənilib. Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynova, Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim Nərimanov, tələbələr Ramilə İbrahimova, Ayturan Məmmədli, Firəngiz Səmiyeva xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar qətliamından, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıblar.
Tələbələr Narınc Cəbrayılova “Qarabağ, gözün aydın, biz qayıtmışıq!” və Gülnar Cəbiyeva “Qanlı Yanvar” şeirini səsləndiriblər.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff