booked.net

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri olub


Prezident İlham Əliyev cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirib 

Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı görüş zamanı bildirib ki, Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır.

Prezident İlham Əliyev qeyd edib ki, son iyirmi il ölkəmiz üçün əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.

Ölkə rəhbəri çıxşında son 20 ildə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox artmasını dünya rekordu kimi dəyərləndirib: "Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi. İndi hədəfə nail olunduğundan biz borclanma strategiyamıza yenidən başlayırıq."

Artıq ölkəmizin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başladığını vurğulayan dövlətimizin başçısı infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımızın olmadığını bildirib. Daha sonra qeyd edib ki, bununla belə, bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən, ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq.

Azərbaycanın Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırması, ölkəmizin nailiyyətlərinin yüksək qiymətləndirməsi Azərbaycan üçün böyük şərəfdir. 
Prezident İlham Əliyev deyib ki, həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.

Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda Azərbaycanın kəmər imkanlarını genişləndirməyi planlaşdırdığını qeyd edən dövlərtimizin başçısı deyib: "Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var."

Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi başlayandan sonra  qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı məsələlərə də toxunub və qeyd edib ki, bununla bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var.

Ölkəmizin başçısı müzakirələrin tərkib hissəsi olacaq başqa bir mühüm məsələyə də toxunub. Bu, nəqliyyat və logistikadır: "Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, nail olunub. Buna, demək olar ki, bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən nail olunub. Lakin indi yenə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb."

Azərbaycan dəniz limanının və dəmir yolu infrastrukturunun imkanlarının artırılması sahəsində Almaniya şirkətlərinin tərəfdaşlarımız olacağna böyük ümid bəsləyir. Ölkəmizn əsas perspektiv planlarına gəldikdə, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Beləliklə, biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 

Dövlətimizn başçısı qeyd edib ki, belə böyük proqramın icrası böyük vəsaitlər tələb edəcək: "Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək."

Prezident İlham Əliyev çıxışında ölkəmizin bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu da diqqətə çatdırıb və bildirib ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq.
2009-cu ildə inşa edilmiş 525 meqavat gücündə olan “Sumqayıt” Elektrik Stansiyası müasir texnologiya əsasında tikilmiş Azərbaycanın ilk elektrik enerjisi stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir.

Dövlətimizin başçısı bildirib ki, Naxçıvan Elektrik Stansiyasına gəldikdə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur: "Həmçinin bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var."

Elektrik enerjisinin ötürülməsini ən vacib məsələlərdən biri hesab edən Prezident İlham Əliyev fikrini belə əsaslnadırıb: "...çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir. Buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır. Xüsusən də nəzərə alsaq ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə biz onun vahid layihə olacağı üzərində razılığa gəldik. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır."

BP ilə birgə icra edilən Səngəçal Terminalına elektrik enerjisinin verilməsi layihəsi də ölkəmizin bərpa olunan enerji siyasətindən qaynaqlanır. BP Qarabağın azad olunmuş şəhərlərindən birində – Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunmuş həmin enerji bizim enerji sistemimizə daxil ediləcək.

Dövlətimizin başçısı çıxışında SOCAR-ın işlədiyi digər bir layihə haqqında da söz açıb: "O, dənizdəki platformalarımıza elektrik kabellər çəkir ki, orada fəaliyyət üçün təbii qazdan istifadə olunmasın. Onlar yaşıl enerjidən istifadə edəcək və platformalarda əvvəlcə elektrik stansiyalarında istifadə olunan qaz sahilə nəql olunacaq və həmçinin Avropaya çatdırılacaq. Avropada artan tələbatı nəzərə alaraq, biz nəinki qazın hasilatını artırırıq, o cümlədən biz enerji səmərəliliyi sayəsində əlavə qazı toplayacağıq."

 Alış və satış müqaviləsi müddəti baxımından ən uzun müqavilələrdən biri olan “Uniper”in vaxtı 2045-ci ildə bitir, 25 ildən sonra. Sonra, ola bilsin, onun müddəti artırılacaq, çünki Avropaya təbii qazın çatdırılması ilə bağlı planlarımız həmin vaxtla məhdudlaşmayacaq. 
Xarici şirkətlərin sərmayə qoyması onu göstərir ki, Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bu yaxınlarda BP ilə təməlqoyma mərasiminin olacağı gözlənir. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir. 

“ACWA Power”, “Masdar”, BP və “Fortescue” resursları. Beləliklə, bu şirkətlərlə 25 qiqavat həcmində anlaşma memorandumlarının imzalanması Azərbaycana əminlik yaradır ki, bunlar icra olunacaq. Layihələrin enerji potensialı 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır.

Prezident İlham Əliyev: "Beləliklə, biz həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır."

Azərbaycanda günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir. 
Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər layihəsində Azərbaycan tranzit ölkəsi hesab olunur. Ölkəmiz  Xəzərin o tayında dost və tərəfdaşlarının boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırdır. 

Prezident İlham Əliyev çıxışında Xəzər dənizi ilə daşımalar üçün tələbatın artığını da vurğulayıb. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir. 

Dövlətimizin başçısı keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılmasını ölkəmiz üçün ən böyük çağırışlardan biri kimi qeyd edib. Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. Biz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur. 

Rəqəmsal transformasiya Azərbaycanın prioritetlərinin bir hissəsidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəyişilməsi də bu məslənin ciddiliyindən qaynaqlanır. Azərbaycan  regionda rəqəmsal transformasiya ilə bağlı ön sırada olmağı planlaşdırır. Bu, böyük potensialı olan sahələrdə müasir texnologiyaları cəlb etmək və tətbiq etmək üçün bizim hökumətin ümumi strategiyasıdır.

Prezident İlham Əliyev çıxışında suyun paylanması ilə bağlı çox iş görülməli oduğunu da qeyd edib və bildirib ki, hazırda ölkədə su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulduğu bir çox şəhərdə layihələr həyata keçirilir. Hədəf bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Azərbaycanın, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planları da var. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığı bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir.

Dövlətimizin başçısı ölkəmizdə  metro ilə bağlı böyük planlardan da söz açıb və  Azərbaycanın   keçmiş Sovet İttifaqının metro tikən az sayda ölkələrindən biri olduğunu, Sovet İttifaqı dağılandan sonra onların çoxunun  bunu dayandırdığını qeyd edib. Amma Azərbaycanın strategiyası var və həmçinin hazırda ictimai nəqliyyatın metro ilə inteqrasiyası üzərində iş gedir, bunun üçün vahid sistem tətbiq edilmək üzrədir. 

Prezident İlham Əliyev Mərkəzi Asiyadan Azərbaycana doğru böyük dönüşün başladığı bir vaxtda gərgin işləmək tələb oldunduğunu vurğulayıb: " ...hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və ümidvarıq ki, biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik." 

 Nəqliyyat infrastrukturunun və gömrük idarəçiliyinin inteqrasiyası üzərində də işlər aparılır. Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək ediləcəyi mühüm əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyev: "Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır. Ona görə də bizim bu həcmdə yükü nəql etmək imkanına sahib olan bir dəmir yolumuz olmalıdır. Ümidvarıq ki, bu marşrut boyunca çoxlu biznes fəaliyyəti olacaq, söhbət təkcə dəmir yolunun inşasından deyil, bütün vacib sənaye, ticari infrastrukturdan gedir və əlbəttə ki, dəmir yolları müasir standartlara uyğun inşa edilməlidir."
 
Dövlətimizin başçısı bildirib ki, Xəzər dənizindən keçəcək bağlantı reallaşacağı təqdirdə Qara dənizin sahilində limanların texniki imkanları genişlənməli olacaq. Qara dənizdə bizim Xəzər Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var. Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur.

Azərbaycanda kartof istehsalına gəldikdə isə dövlətimizin başçısı deyib ki, biz artıq özümüzü tam təmin edirik. Bəzi illərdə biz hətta kartofu ixrac etmişik. Ancaq məhsuldarlıq artırılmalıdır. Azərbaycanın bəzi bölgələrində isə kartof istehsalı olduqca yüksək səviyyədədir. İndi isə işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun böyük kənd təsərrüfatı potensialı var. 

Prezident İlham Əliyev alman iş adamlarına ən yaxşı imkan kimi onların Qarabağda servis mərkəzinin yaradılması ola biləcəyini deyib: "Bizim Qarabağda iki sənaye zonamız var – Ağdam və Cəbrayılda. Orada artıq müəyyən avadanlığın istehsalı ilə bağlı tikinti işləri gedir. Zənnimcə, bu, hər baxımdan əlverişlidir, çünki “Claas” şirkətinin traktor və kombaynları Azərbaycanda çox populyardır. Burada potensial böyükdür, çünki həmin bölgələrdə geniş kənd təsərrüfatı fəaliyyəti olacaq." 

Prezident İlahm Əliyev çıxışında su anbarlarında sayğacların olmaması və fermerlər arasında su bölgüsünün ədalətsiz olması kimi problemlərə də toxunub. Qeyd edib ki, bu problemlər uzun müddət yaşanırdı. Bu sahədə keyfiyyətsiz idarəçilik və pozuntular var idi. İndi isə biz bu işlə məşğul olan xüsusi hökumət komissiyası yaratmışıq. Anbarların monitorinqi gündəlik həyata keçirilir. Sudan istifadədə müasir texnologiya tətbiq etməliyik, çünki son 5-6 ildir ki, bizdə quraqlıq müşahidə edilir. 

Ərzaq təhlükəsizliyi çox vacib məsələdir,- deyən dövlətimizin başçısı vurğulayıb ki, biz tələbatımızı tam şəkildə təmin edə bilməsək də çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq. Çünki bu, böyük torpaq sahələri tələb edəcək. Bu torpaqlar daha səmərəli şəkildə digər məhsullar üçün istifadə oluna bilər.

Prezident İlahm Əliyevin çıxışında diqqət çəkən daha bir neçə məsələ: 

          -Azərbaycan qanuna tabe ölkədir. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq;
           -Ölkəmizin bank sektorunda olduqca ciddi problemlər var idi. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə bağlı idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi;
         -Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur. Birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir;
         -Azərbaycan 2030-cu ilə qədər 42-50 milyard ABŞ dolları investisiya həcmində milli inkişaf strategiyasını təsdiqləyib. Bu investisiyaların əksəriyyəti dövlət tərəfindən maliyyələşəcək. Lakin, eyni zamanda, özəl-dövlət tərəfdaşlığı layihələri də olacaq.
         -Təhsil sahəsinə perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi ciddi diqqət yetirləcək. Xüsusilə peşə təlimi sahəsində, kənd təsərrüfatı və sairədə buna böyük tələbat var. Təhsil sahəsində əməkdaşlıqla bağlı xüsusi istiqamətə ehtiyacımız olacaq. 

       Prezident İlham Əliyev cari ilin 14 mart tarixində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxış edib 

Dövlət başçısının Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşləri Cənubi Qafqaz regionunda stabilliyin və sülhün təmin olunması istiqamətində atılan vacib və mühüm addım idi. 

Ölkə başçısının bu günlərdə Berlində iş adamları ilə əhatəli görüşündən də aydın oldu ki, enerji layihələri ilə yanaşı, infrastruktur, nəqliyyat, logistika, kənd təsərrüfatı, su və meliorasiya sahələri də aktuallığı ilə diqqəti çəkir. 

Prezident İlham Əliyev mətbuat konfransında Almaniya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasını bir daha əminliyini ifadə edib. Siyasi dialoq müntəzəm olaraq aparılır və cari səfər ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir.

Müzakirələrdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinə xüsusi diqqqət yetirildiyini və bu istiqamətdə çox önəmli addımlar atıldığı qeyd edən Prezident İlham Əliyev keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Memorandumun sürətlə və vaxtında icrası bir daha Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş  olduğunu göstərir.
 
Azərbaycanın Avropa məkanına qaz ixracatını artırdığını qeyd edən dövlətimizin başçısı bu istiqamətdə yerinə yetirilən iş həcmini mətbuat konfransı iştirakçılarının diqqətinə çatdırıb: "2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edilibsə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Gələcək illərdə ölkəmiz ixrac coğrafiyasını Avropada genişləndirmək niyyətindədir." 

Prezident İlham Əliyev bir gün əvvəl 30-a yaxın almaniyalı iş adamı ilə iki saata yaxın davam edən görüşünü xatırladıb və deyib ki, bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi olub. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar olduğu barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Gələcəkdə Azərbaycanın Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəyi şübhə doğurmur. 
 
Ölkə başçısı mətbuat konfransında Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunub: "İstəyirəm ki, Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur." 

 İndi isə sülhün zamanı çatıbdır. Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır.
Azərbaycan Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edir və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycana Avropanın 10 ölkəsindən qaz ixracatı ilə əlaqədar sifarişlər gəlib.

Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Ölkəmizin qaz ixracatı təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün yeni kontraktlar imzalanmalıdır.

Hazırda Azərbaycan qazının Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyayaya çatdırıldığını bildirən Prezident İlham Əliyev deyib ki, bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılıb. Cari ilin sonunda isə Macarıstana ilk qaz təchizatını həyata keçirmək planlaşdırılır. Hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır.

Azərbaycana qaz sifarişini edən ölkələr sırasında Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. İnterkonnektorların çox olması ölkəmizin Avropa məkanında qaz ixracatının coğrafiyasını genişləndirməyə imkan verir. 

Ölkə başçısı  çıxışında uzunmüddətli kontraktların imzalanmasını vacib sayıb. Bunu Avropada yaşıl keçidə meyillərin  çox yüksək olduğu ilə izah edib: "Ümid edirəm ki, biz bu məsələləri bir-biri ilə uzlaşdıra bilərik. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərinə qoyulan sərmayəni nəzərə alsaq, hazırda elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz da Avropaya ixrac edilə bilər və beləliklə, gələcəkdə bizim nəzərdə tutduğumuzdan daha böyük rəqəmlə bizim ixracatımız ölçülə bilər." 

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun mətbuat konfransında söylədiyi fikirlər:

- “Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir”;
- “Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik”;
- “Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir”;
- “Biz öz mövqeyimizi aydın şəkildə bildirdik. Biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq.”



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff