booked.net

Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı ilə əlaqədar


Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında  sıx dostluq əlaqələri, qarşılıqlı tərəfdaşlıq, səmimi qonşuluq münasibətləri daima mövcud olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu münasibətlər hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

“Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var...  Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır”.
Azərbaycan Prezidenti İlham Əliyev bunu mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.

Azərbaycan Prezidenti Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanın təmsil olunduğu Avrasiya İqtisadi Birliyinin ali toplantısında qonaq qismində iştirak edib. Özbəkistan və Tacikistan prezidentləri iclasa videobağlantı vasitəsilə qoşulublar.
 Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir”.

Prezident çıxışı zamanı onuda qeyd edib ki,"Azərbaycanda işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir. Demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir".
İclasda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdən söz açaraq iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəldiklərini deyib. Bununla yanaşı o, Azərbaycanı guya Laçın dəhlizini bağlamaqda ittiham edib.

Daha sonra söz alan Prezident İlham Əliyev buna cavab verib: “Vladimir Vladimiroviç, bağışlayın, Ermənistanın baş nazirinin sözlərində yenə ittiham səsləndi. Əgər Siz diqqət etdinizsə, nə çıxış zamanı, nə də replika zamanı mənim sözlərimdə heç bir ittiham yox idi. Amma mən bunu, sadəcə, cavabsız qoya bilmərəm. Başa düşürəm, biz diskussiyanı bir az başqa istiqamətə aparırıq, hərçənd düşünürəm ki, bu, bir çoxları üçün maraqlıdır. İcazənizlə cavab verim və deyim ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir” - deyə Azərbaycan Prezidenti fikrini yekunlaşdırıb.

Azərbaycanla Ermənistan arasında münasibətlərə iclasa sədrlik edən Rusiya Prezidenti Vladimir Putin də toxunub. O bildirib ki, əsas məsələ iki ölkə arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır. Dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.
“Bütün MDB ölkələri Birlik ərazisindəki münaqişələrin, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır. Ümid edirik ki, bu gün (25 may – red.) Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə iqtisadi inkişaf maraqlarına uyğun razılaşmalar əldə olunacaq”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Mayın 25-də Azərbaycan Respublikasıının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə geniş tərkibdə görüşü də olub.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığını bildirərək deyib: “Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın, nəhayət, sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik”.
Sonra Vladimir Putinin Ermənistanın hökumət başçısı Nikol Paşinyanla görüşü keçirilib.
Daha sonra Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff