booked.net

Prezident İlham Əliyevin cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib


Azərbaycanda səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq səmimi qarşılamaya görə Prezident İlham Əliyevə təşəkkür edib.
“İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir, həmçinin müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”, – deyə İsxak Hersoq  vurğulayıb.

İsrail Prezidenti İsrail İsxak Hersoq ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə ən yüksək səviyyədədir. Prezidentlərin mətbuata bəyanatlarında dövlətimizin başçısının dediyi kimi ölkələrimiz arasında çox fəal siyasi dialoq var: “Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq... Nisbətən yeni əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”. Ölkələrimiz həmçinin müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir texnikalarından istifadə edərək müdafiə qabiliyyətini artırır.

İsrail Prezidenti İsxak Hersoq isə bizim əlaqələrimizin dərin köklərinin olduğunu vurğulayıb: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında çox sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir.  İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri bu əlaqələrin davamlığına söykənir. "Əminəm ki, bu səfər ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşündə söyləyib. İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı deyib: "Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq".

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayıb: "Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq".

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Qeyd edək  ki, 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Mövcud əlaqələrin inkişafında təbii ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu çıxışların birində qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirmişdir: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. …yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".

İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının mühüm hissəsini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. 2007-ci ilin fevralında iki ölkə arasında ilk iqtisadi sənəd olan İnvestisiyaların Qorunması və Təşviqi haqqında razılaşma imzalanıb. "Bəzi iqtisadi göstəricilər ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir ki, bu da mühüm rəqəmdir. Amma hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəmizi şaxələndirməyə çalışmalıyıq", - deyə Prezident mətbuata bəyanatında səsləndirib. Planlaşdırılan birgə layihələrin reallaşdırılması nəticəsində ticarət dövriyyəsinin daha çox tarazlaşdırılacağına ümid etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Bu, yalnız enerji amilindən asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur. Bu, həm də enerji sahəsində sıx əməkdaşlığımızın olmasının göstəricisidir".

İsrail prezidentinin Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması da müzakirə edilib. "Hazırda həftədə cəmi 4 reys yerinə yetirilir" – deyən Prezident qeyd edib ki, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib. Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun ölkəmiz üçün böyük sərvət olduğunu deyib.

Azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədim dostluq və qardaşlıq əlaqələri mövcuddur. Müxtəlif ölkələrdən olan yəhudi mənşəli qonaqlar, həmçinin İsraildən Azərbaycana gələn müsafirlər və diplomatlar qeyd edirlər ki, bu diyarda antisemitizm yoxdur və yəhudilərə dost münasibəti göstərilir. 2600 ildən çoxdur ölkədə yaşayan Azərbaycanın Yəhudi icması heç bir zülmə, qırğına və ya yerli əhali tərəfindən digər nifrət təzahürlərinə məruz qalmayıb. Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi icması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir.

Prezidentlərin görüşü zamanı xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.
Prezidentlərin görüşü zamanı "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb. Ümid edirik ki, bu sənəd səhiyyə sahəsində nailiyyətlər əldə edən İsraillə ölkəmizin tibb sahəsindəki əlaqələrinin genişlənməsinə böyük imkanlar yaradacaqdır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff