booked.net

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA HÜQUQİ DÖVLƏTİN BANİSİDİR



“Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək   öz məsuliyyətimi anlayıram  və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin   sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf   etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk   Azərbaycan Demokratik   Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada   gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,   bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir   dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına   düşməyəcək.” - Ulu Öndər Heydər Əliyev.

XX əsrin əvvəllərində Azərbaycan müstəqillik əldə etdi, lakin qısa müddətdən sonra onu itirdi. Bundan sonra zor gücünə Sovet imperiyasının tərkibinə qatıldı və uzun müddət imperiyanın təsiri altında qaldı. Bu dövrdə azərbaycanlılara qarşı açıq-aşkar ayrı-seçkilik edilir, millətimiz sıxışdırılırdı. Ötən əsrin 60-cı illərinin sonuna qədər bu ayrı-seçkilik özünü daha qabarıq şəkildə büruzə verirdi. Azərbaycanlılar qabaqcıl dünya elminin nailiyyətlərindən xəbər tuta bilmir və ya çox gec xəbər tuturdular. Təhsilə, elmə və elm adamlarına qayğı aşağı səviyyədə idi. Bəzi mədəniyyət və incəsənət xadimləri, ziyalılar təqiblərə məruz qalırdılar. Xalqın öz gerçək tarixi, mədəni-milli kökündən zorla qoparılmasına cəhdlər göstərilirdi. Digər sahələrdəki gerilik, iqtisadi tənəzzül ölkəmizi ittifaq miqyasında getdikcə gözdən salırdı.   Respublikanın o vaxtkı rəhbərlərinin cəsarətsizliyi, Kremlin tapşırıqlarının xalqımızın inkişafına təsir edib-etməyəcəyinə varmadan sözsüz yerinə yetirmələri Azərbaycandakı mövcud vəziyyəti daha da  ağırlaşdırırdı. Bütün bu proseslər təxminən yarım əsr, 1969-cu ilədək davam etdi.

Ümummilli lider hakimiyyətə gəldiyi ilk gündən dərhal azərbaycanlılar arasında milli birlik, xalqla hakimiyyət arasında yaranmış müəyyən ayrılığı aradan qaldırıb vəhdət yaratmağa başladı. Heydər Əliyev ilk növbədə hakimiyyət strukturlarına əsasən azərbaycanlıları yerləşdirdi. Bununla da Azərbaycan elitasını birləşdirib respublikanın tərəqqi, inkişaf yoluna çıxarılmasına nail oldu. Peşəkar kadrlar hazırlamaq ulu öndərin prioritet hesab etdiyi məsələlərdən idi. Bütün bunları isə xalqın öz içərisindən, öz nümayəndələrindən seçirdi. Sonralar dünyanın tanınmış tarixçiləri, siyasi xadimləri də ulu öndər haqqında xatirələr yazarkən bu məsələyə xüsusi diqqət yetirmişlər. Məsələn, Amerikanın görkəmli tarixçiləri T. Svyatoxovski və B. Kollinz bu barədə yazırdılar: “Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının rəhbəri seçildikdən sonra respublikadakı iqtisadi tənəzzülün qarşısı alındı, alternativ sənaye sahələri yaradıldı, neft sənayesinə xüsusi diqqət yetirildi. O,respublikanın siyasi elitasını birləşdirdi. Bu elita əsasən azərbaycanlılardan ibarət idi. Heydər Əliyev daim milli birliyə can atır. Azərbaycan elitasını birləşdirərək azərbaycanlıları yüksək vəzifələrə gətirirdi. Əliyev nailiyyətinin ən aşkar mənbəyi onun neft siyasətində idi. Lakin həmin siyasət həm də milliliyi həyata keçirirdi. Bu da yerli nomenklaturanın möhkəmləndirilməsi ilə nəticələndi. Əliyevin otuz beş nəfər əsas əməkdaş və tərəfdarlarının demək olar ki, hamısı azərbaycanlı idi. O, mühüm əhəmiyyətli boş vəzifə yerlərini doldurmaq üçün slavyan mənşəli namizədlərdən istifadə edilməsinə heç bir meyl göstərmirdi və bir qayda olaraq, rusmillətindən olan ikinci katib Moskva tərəfindən təyin edilirdi”.

...1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran getdikcə kulminasiya nöqtəsinə çatırdı. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi, kölə psixologiyası və qətiyyətsizliyi respublikamızı uçuruma daha da yaxınlaşdırırdı. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşmasından sonra sanki özündə qüvvə tapmış, millətlər arasında ədavət toxumu səpməkdə və bu ədavəti getdikcə reallaşdırmağa səy göstərən Sovet İttifaqının o vaxtkı rəhbəri Mixail Qorbaçov xalqın rəyini soruşmadan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə can atırdı. Lakin o, bu istəyinə nail ola bilmədi. Xalqın getdikcə alovlanan etiraz dalğası nəhayət, Moskvanı silkələdi. Bundan bərk qorxuya düşmüş M. Qorbaçov təpədən dırnağadək silahlanmış sovet ordusunu istiqlaliyyət, azadlıq və müstəqillik uğrunda dinc aksiya keçirən əliyalın xalqın üzərinə göndərdi. Azərbaycan torpaqlarına qarşı təcavüz planlarını gerçəkləşdirə bilməyən qüvvələr fəallaşaraq öz işğalçılıq niyyətlərini həyata keçirməyə başladılar. Azərbaycanın ən yeni tarixinə “Qara Yanvar” kimi həkk olunmuş 1990-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecədə yüzdən artıq günahsız Azərbaycan vətəndaşı qətlə yetirildi, yaralandı, ömürlük şikəst oldu. Ölkəyə külli miqdarda ziyan vuruldu. SSRİ rəhbərliyinin zorakılığına və günahsız insanların qətlə yetirilməsinə ilk etiraz səsini qaldıran, bu barədə dünya ictimaiyyətinə xəbər verən müdrik şəxsiyyət Heydər Əliyev oldu. Həmin vaxt imperiyanın ciddi nəzarətində olmasına baxmayaraq, həyatını riskə qoyaraq qanlı hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bu müdhiş olayı törədənləri və təşkilatçılarını kəskin tənqid etmiş, Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir. Ulu öndər Azərbaycanda aparılmış kadr siyasətini, həmçinin, SSRİ-nin ali siyasi rəhbərliyini ciddi tənqid etmişdi. Çıxışının sonunda qətiyyətlə bildirmişdi ki, bu qırğını törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.

Hadisələrin getdikcə daha dramatik vəziyyət alması yenicə qazanılmış dövlət müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdı. Belə bir vəziyyətdə ölkə rəhbərliyi əlacsız qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq son ümid yeri kimi ulu öndər Heydər Əliyevə müraciət etdi. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri axın-axın Naxçıvana gedir, bu böyük, qüdrətli şəxsiyyətdən Bakıya dönüb respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə xahiş edirdilər. Ziyalılar müdrik şəxsiyyətə məktubla müraciət edərək mövcud vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyi bacaracaq və Azərbaycanı məhv olmaqdan xilas edə biləcək şəxsin yalnız onun olduğunu bildirdilər, təkidlə xahiş etdilər ki, ölkəni böhrandan qurtarmaq üçün yaradılan yeni partiyaya rəhbərlik etməyə razılıq versin. Ziyalıların müraciətinə cavab verən ulu öndər Azərbaycanda baş verən hadisələrdən, ölkənin gələcək taleyindən ciddi narahat olduğunu və ömrünün qalan hissəsini xalqına həsr etməyə hazır olduğunu bildirdi. O vaxt artıq ölkəni idarə etmək iqtidarında olmayan mövcud hakimiyyət də Heydər Əliyevin Bakıya gəlməsini ondan acizanə xahiş edirdi. Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlandı. Bu, inkişaf, tərəqqi, yeniləşmə və yüksəliş dövrü oldu.

Ulu öndərin 1993-1998-ci illərdə gördüyü işlər 11 oktyabr 1998-ci ildə keçirilən prezident seçkilərində qələbəsini yenidən təkrarlamasına böyük zəmin yaratdı. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurlar bir-birini əvəzlədi. Yalanları ilə dünyada cərəyan edən proseslərə təsir etmək imkanlarına malik olan və erməni diasporunun əsassız təbliğatları faktlar əsasında ifşa olundu. Ulu öndər Heydər Əliyev daxili və xarici siyasəti ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasına nail oldu. Dünya siyasətində dəst-xətti ilə seçilən Ümummilli lider Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi.

1998-ci ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan Ulu öndər Heydər Əliyev növbəti illər üçün fəaliyyət konsepsiyasını açıqladı. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıraraq əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi 1993- 2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq, ölkəmizdə ölüm hökmü ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, o zaman Ulu öndərin bu addımının nə dərəcədə böyük hüquqi, tarixi dəyərinin olduğunu dərk etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik prinsipinin nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış Sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur. Ümummilli lider hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə, bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş Milli Konstitusiyada bu məsələ önə çəkilir.

Ümummilli lider hakimiyyətə gəldiyi ilk vaxtlardan milli kadrların hazırlanmasını prioritet məsələlərdən biri hesab edirdi. Bundan ötrü Azərbaycanın təhsil sistemini inkişaf etdirmək, qabaqcıl dünya ölkələrinin təhsil sistemi ilə əlaqələr qurmaq lazım idi. Qüdrətli şəxsiyyət zaman-zaman buna nail oldu. Təhsilin inkişafı mərhələlərinə strateji əhəmiyyət verilirdi. Yerli mütəxəssislərin hazırlanması işinin təşkili bu illərdə tamamilə yeni səviyyəyə çatdırılmışdı. 1969-70-ci tədris ilindən başlayaraq, tələbələrin sayı ali məktəblərdə 11 faiz, orta ixtisas tədris müəssisələrində 14 faiz artmışdı. Azərbaycanda yeni-yeni ali məktəblər açıldı. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması xüsusi olaraq qeyd edilməlidir. Bu hərbi məktəbin açılması Heydər Əliyevin xalqın sabahı naminə uzaqgörənliklə həyata keçirdiyi siyasətin real bəhrəsi idi. Çünki XX əsrin əvvəllərində azərbaycanlı hərbi kadrların olmaması və ya az olması ulu öndəri düşündürən vacib məsələlərdən idi. Azərbaycanlı hərbçilərin hazırlanması yalnız Sovet ordusu tərkibində mümkün idi. Ona görə də ümummilli liderin həyata keçirmək istədiyi əsas məsələlərdən biri azərbaycanlılar arasında hərbi kadrların yetişdirilməsi idi. Həmin dövrlərdə dövlətin ümumi siyasəti sayəsində orta məktəblərdə hərbi hazırlıq fənni tədris edilməyə başlandı, hərbi kadrların hazırlanmasına, hərbçilərə, hərbi vətənpərvərlik tərbiyəsinə diqqət yetirildi. 1976-1977- ci illərdən başlayaraq SSRİ-nin ali hərbi məktəblərinə ildə 800-900 nəfər gəncin göndərilməsinə nail oldu. Bu, Heydər Əliyevin xalq qarşısında böyük tarixi xidmətlərindən biri idi. Çünki bu məsələ çox böyük ustalıqla, siyasi baxışlarla, dünyagörüşlə gələcəyə hesablanmış əhəmiyyətli məsələ idi. Gələcəkdə Azərbaycanın milli ordusunun formalaşdırılmasında güclü zabit ehtiyatı, bacarıqlı, savadlı hərbi kadrlarla zəngin olan qüdrətli ordunun yaradılması müstəqilliyin təməllərinin birinin hazırlanmasına hesablanmışdı. Biz artıq bu uzaqgörən siyasətin bəhrəsini görürük. Bu gün mövcud olan Azərbaycanın güclü, qüdrətli, düşmənlərimizə layiqli müqavimət göstərə biləcək milli ordunun formalaşdırılmasının əsasını məhz böyük tarixi şəxsiyyət Heydər Əliyev qoyub. Ümumiyyətlə, hazırda müstəqil Azərbaycanın bacarıqlı mütəxəssislər sarıdan korluq çəkməməsi məhz 1969-1982-ci illərdə ulu öndərimizin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Qüdrətli şəxsiyyət fəaliyyətə müstəqil dövlət quruculuğundan başladı. Ümummilli lider bu barədə demişdir: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”
Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra fəaliyyətinin, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi olmuşdur. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” sözləri ulu öndərin fəaliyyətinin başlıca məzmununu təşkil etmişdir. Bunun üçün o, çox böyük çətinlikləri, daxildən və xaricdən olan ciddi təzyiqləri aradan qaldırmalı oldu, özünə xas olan möhkəm iradə və dəyanət nümayiş etdirdi. Bu, hər kəsin işi deyildi, belə işin öhdəsindən ancaq Heydər Əliyev kimi müdrik şəxsiyyət gələ bilərdi. Bütün bunlara nail olmaq üçün ümummilli lider idarəçilik təcrübəsi olan bilikli, savadlı, geniş dünyagörüşünə malik olan kadrlara arxalanırdı. Müdrik şəxsiyyət deyirdi: “İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz. Dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlər də nəzərə alınmalıdır”. Məhz bu baxımdan Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında fərmanı çox yüksək qiymətə layiqdir. Bu, ümummilli liderimizin dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi işinə mühüm diqqət və qayğısı idi. Ulu öndərin bu müdrik qərarı dövlət xidməti sisteminə istedadlı, bacarıqlı, qabiliyyətli, əxlaq və mənəviyyatca təmiz olan gənclərin cəlb olunması, bundan ötrü onlara yüksək səviyyəlimüasir təhsilin verilməsi istəyindən irəli gələn qətiyyətli bir addım idi.

1999-cu ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci ildönümü ilə bağlı keçirilən mərasimdə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsini tutan cənab İlham Əliyev haqlı olaraq demişdir: “1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa, bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inkişafı üçün nə deməkdir “.
Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə vacib olan neft sektorunun böhranlı vəziyyətdən çıxarılması, milli maraqlara və praqmatizmə əsaslanan neft diplomatiyasının həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəyə çevirən və milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir. Hələ 70-80-cı illərdə respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını “neft akademiyası”na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur. Əsrlər boyu zəngin təbii sərvətləri ilə bütün dünyada tanınan, ən müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləmiş və halal haqqını təmin etmişdir.

1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi isə xalq və dövlət naminə düzgün seçim olmaqla ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail oldu. Bu hadisə bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb şəraitlərdə belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir.

2009-cu il sentyabrın 15-də “Buta” sarayında “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bu müqavilənin imzalanmasının ölkəmizin hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdi: “Mən o günləri çox yaxşı xatırlayıram. 1994-cü ildə danışıqların son mərhələsi gedirdi və Azərbaycan tərəfi çalışırdı ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun və Azərbaycana böyük investisiya axını təşkil edilsin. Bu gün, 15 il keçəndən sonra deyə bilərəm ki, bu 15 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmuşdur. Azərbaycan bu kontraktın icrası nəticəsində böyük və uğurlu yol keçmişdir. Bizim uğurlu gələcəyimiz böyük dərəcədə 15 il bundan əvvəl imzalanmış kontrakta söykənir. Eyni zamanda, bizimlə bərabər işləyən və o vaxt bizi yaxşı tanımayan xarici şirkətlər də gördülər ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir ölkədir, Azərbaycanla işləmək xeyir gətirir. Bu gün də əminəm ki, əməkdaşlıqdan həm biz, həm də ki, bizim xarici tərəfdaşlar razıdırlar. Bu, əslində beynəlxalq əməkdaşlığın çox gözəl nümunəsidir”.

Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, ulu öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə bəlkə də maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir. Ulu öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”

Ulu öndərimiz Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişəxüsusi diqqət yetirmişdir.

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənimiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi – İlham Əliyevi yetişdirməsidir. Belə ki, İlham Əliyev türkdünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi ulu öndərin siyasi varisi, layiqli davamçısı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu bir reallıqdır ki, Azərbaycan ümummilli liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Mənim məqsədimbudur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff