booked.net

Ailə sağlam təməllər üzərində qurulmalıdır


Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir. Sözsüz ki, bu işdə övladlarını gələcək həyata hazırlamaqda valideynlərin cavabdehliyi yüksəkdir. Çünki gənclərin ailə qurmasının təməl hazırlığı, ilk növbədə, doğulub böyüdükləri ailədən başlanır. Onlar üçün ilk örnək öz ata-anaları, onların qarşılıqlı münasibətidir. 

Sonrakı mərhələdə uşaqların həyata baxışının, dünyagörüşünün formalaşmasında bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların savad, bilik almasına xüsusi diqqət yetirilməlidir.  Çünki erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.

Erkən nikah hallarının baş verməsi çox zaman ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək yolverilməzdir, cinayətdir. 

Erkən nikah- ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Hüquqi cəhətdən yanaşmalı olsaq,  Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.

Əvvəlcə erkən nikahları doğuran səbəblərə diqqət yetirək. Mütəxəssislərin fikrincə, erkən nikahlar əsasən aşağıdakı hallarda baş verir:

-erkən nikah probleminin özündə tarixi ənənələrin yükünü daşıması, yəni tarixi ənənə və mentalitetdən irəli gələn səbəblər: "qız yükü duz yükü", "tez evlənənlə tez yuxudan duran qazanar" kimi yanlış stereotiplərin hələ də qalması;

-valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsi. Bəzi valideynlərin erkən nikahların qızlarını cinsi istismardan qoruya biləcəyinə dair fikirlərindən fərqli olaraq, BMT araşdırmaları bunu təkzib edir. 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir.
-ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur.

-kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik;
-qaçırılma halları və s.

Erkən nikahların törətdiyi fəsadlar gəlincə, cəmiyyətdə tez-tez rastlaşdığımız hallardır ki, bunlar ciddi narahatçılıq doğurmaya bilməz.   Məsələn, fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. 

Belə nikah təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur, əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.    
     
Erkən nikaha daxil olan yeniyetmə qızlar peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir.

Erkən nikaha daxil olan yeniyetmə oğlanlarda da bu fəsadlar bəzən bir qədər fərqli formada, amma nəticə etdibarı ilə eyni acınacaqlı sonucla bitir. Onlar ailə məsuliyyətini dərk etmədikərindən və yaxud ailə yükünü daşıya bilmədiklərinə görə depressiyaya düşür, ümidsizliyə qapılırlar. Bu, hətta intihar hallarına gətirib çıxarır. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və çarəsizlik içində çırpınır. Beləliklə də, yeni qurulan ailədə çox keçmədən soyuqluq yaranır. Qarşılıqlı ittihamlar, anlaşılmazlıqlar böyüyür. Sözsüz ki, bu cür halların sonda nə ilə nəticələnəcəyi hər kəsə məlumdur. 
 
Erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər. 

Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməz. Ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Zamanında qarşısı alınmayan, dərinləşən psixoloji travmalar isə bir çox halda qorxulu xəstəliklərin yaranmasına səbəb olur.

Cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də məişət zorakılığıdır. Bundan zərərçəkmiş şəxs- bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi fiziki, psixi, iqtisadi, cinsi zorakılıq hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərərçəkmiş şəxsdir.

Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir. 

Məişət zorakılığının ən ciddi psixoloji təsiri, bəlkə də uşaqlara olur. Uşaqlar demək olar ki, hər zaman məişət zorakılığından xəbərdar olular və belə hallarda onlar da bu zorakığın şahidinə və ya qurbanı olmuş olurlar. Şiddətə şahidlik zorakılığın bir başa uşağa yönəlməməsinə baxmayaraq, uşağa və onun inkişafı üçün zərərlidir. Buna görə də uşaq müdafiəsi qurumlarına bütün bu hallar barədə məlumat verilməlidir. Məlumat həm sosial rifah qurumları, həm səhiyyə işçiləri və bəzi hallarda şəxsi həkimlər tərəfindən təqdim edilə bilər. 

Ombudsman Aparatı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Məişət zorakılığının qarşısının alınması haqqında qəbul edilən Qanun bu sahədə ciddi addımdır. 

Onu da qeyd etməliyik ki, qohum nikahların da ailə sağlamlığına ciddi neqativ təsirləri var. Bu cür ailələrin əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Tibbi araşdırmalar təsdiq etmişdir ki, qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Şikəst uşaqların doğulmasında genetik yaxın olan xəstəlik daşıyan genlərin büruzə verilməsidir. 

Ombudsman aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verməsi, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirlərini  həyata keçirməsi, əlbəttə, təqdirəlayiqdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Sənədin layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla hazırlanmışdır.

Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları  müəyyən edilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff