booked.net

2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunacağı reallıqdır. REPORTAJ





Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində Azərbaycanda şərab istehsalının inkişafına dair dəyirmi masa keçirildi

Respublikamızda üzümçülüyün inkişafı üçün bütün təbii-iqtisadi və iqlim şəraiti var. Bu da əlverişli imkandan daha səmərəli istifadə etməklə ölkəmizdə yüksəkkeyfiyyətli süfrə üzümü və şərab istehsalını artırmağı mümkün edir. Aqrar sahə, o cümlədən üzümçülüklə bağlı qəbul edilən qanun və proqramlar öz müsbət nəticəsini verməkdədir,-
2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunacağı reallıqdır.
...30 avqust. Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalına start verildi

Bizim reportaj

Festivalın keçirilməsinə geniş əhali arasında maraq böyükdür. Respublika əhəmiyyətli bu mühüm tədbirin Şamaxıda keçirilməsi, əlbəttə, təsadüfi deyil. Məlumdur ki, rayonumuz böyük üzümçülük ənənələrinə malikdir. Bircə faktı deyək ki, ötən əsrin 80-ci illərində Şamaxıda 27 min hektardan çox üzüm bağı vardı və hər il üzüm plantasiyalarından orta hesabla 250-260 min ton məhsul istehsal olunurdu.
Son illər Azərbaycanda üzümçülüyün inkişafına dövlət səviyyəsində diqqətin artırılması Şamaxının bu sahədə əvvəlki şöhrətinə qovuşacağı qənaətini yaradır.
I Üzüm və Şərab Festivalı çərçivəsində ilk tədbir- dəyirmi masa təşkil olundu. Dəyirmi masada yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edirlər.
Tədbirdə ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzuları müzakirəyə çıxarılır. Dəyirmi masanın moderatoru,
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində aqrar sektorda üzümçülüyün, eyni zamanda, şərabçılığın dinamik inkişafının ölkənin əsas prioritetlərindən biri olduğunu bildirir. Qeyd edir ki, bu baxımdan 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair dövlət proqramları ölkəmizdə üzümçülüyə və şərabçılığa dair aqrar siyasəti formalaşdıran əsas sənədlər hesab edilir. Hazırda Azərbaycanda şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirilir.
Elçin Mədətov onu da bildirir ki, Azərbaycan böyük şərabçılıq ənənələri olan ölkədir. Bu gün əsas məsələ 70-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inkişaf etdirilən üzümçülüyün və şərabçılığın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Bunun üçün hər bir üzüm və şərab istehsalçısının üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri çıxışında qeyd etdi ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2018-ci ildə 1,6 milyon dekalitri ötüb. Bunun da 660 min dekalitri ixrac edilib. Hazırda dünyada ən çox şərab idxal edən ölkələrdən Çin və Rusiya bazarları Azərbaycan şərabı üçün potensial alıcı kimi dəyərləndirilir. Azərbaycan bu bazarlarda rəqabətqabiliyyətlidir və öz payını əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdir.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev çıxışında son illər respublikamızda üzümçülüyə və şərabçılığa xüsusi diqqət yetirildiyini
və bu sahənin inkişafı üçün mühüm dövlət qərarları qəbul olunduğunu masa iştirakçılarının diqqətinə çatdırdı, 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, 2016-cı ildə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”nin əhəmiyyətindən danışdı.
Ölkədə şərab istehsalının stimullaşdırılması üçün son illər bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran T.Rzayev dedi: “Əlverişli bazar mühitinin formalaşdırılması məqsədilə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Fərmanı ilə şərab və şərabçılıq məhsullarının istehsalına, idxalına və satışına xüsusi icazə (lisenziya) alınması tələbi ləğv edilib. Eyni zamanda, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il tarixli Fərmana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarına əsasən ixrac olunan şərab və şərabçılıq məhsullarının qlobal rəqabət qabiliyyətinin artırılması və ixracatçıların dəstəklənməsi məqsədilə ixrac dəyərinin 6 faizi miqdarında ixrac təşviqi ödənilir”.
“2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın respublikada üzümçülük və şərabçılığın inkişafına dair dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcəyini vurğulayan nazirlik rəsmisi qeyd etdi ki, qarşıda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və hədəflər dayanır.
“Hazırda 19 əsas istehsalçı rayon üzrə potensial məhsuldarlığın 20 faiz yüksəldilməsi, üzüm bağlarının isə 2,5 dəfə genişləndirilməsi məqsədəuyğun hesab edilir. Seçilmiş 19 rayon üzrə 18 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılır. Həmin üzümlüklərdən isə 100 sent/ha orta məhsuldarlıqla 300 min ton üzüm istehsalı gözlənilir ki, bu da hədəflənən istehsal göstəricisindən də yüksəkdir. 2018-ci ildə ölkədə
üzüm ehtiyatlarının cəmi 186,1 min ton təşkil edib. Ehtiyatların 90,1 faizi və ya 167,6 min tonu ölkə daxilində istehsal olunub, 9,1 faizi və ya 16,9 min tonu idxal edilib. Ümumilikdə üzüm üzrə özünütəminetmə səviyyəsi 92,5 faizi təşkil edib. 2018-ci ildə adambaşına 10,2 kiloqram üzüm istehlak olunub”, - deyə T.Rzayev əlavə etdi.
Üzümçülük və şərabçılıq sahəsində uzun illərdir İtaliyada çalışdığını və müəyyən təcrübə qazandığını deyən beynəlxalq ekspert Pizzi Angelo Antonio çıxışında keyfiyyətli şərab istehsalında torpaq, üzüm sortu və texniki qulluq məsələlərinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu dedi. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi də bu sahənin inkişafı baxımından önəmli amildir və buna xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev isə şərabçılığın inkişafı istiqamətində standartlaşma sahəsində görülən işlərdən danışdı. Bildirdi ki, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbulu bu sahənin inkişaf etdirilməsi ilə yanaşı, qeyri-neft sektorunun digər sahələri kimi şərab ixracının artırılmasını da başlıca vəzifə kimi qarşıya qoyur. Bu məqsədlə müasir tələblərə cavab verən mütərəqqi beynəlxalq standartların tətbiqi vacib amildir və institutut da fəaliyyətini bu istiqamətdə qurub.
Namiq Tağıyev çıxışının sonunda yerli şərab istehsalçılarını əməkdaşlığa dəvət etdi, onlara bu istiqamətdə kömək göstərməyə hazır olduqlarını bildirdi.
Dəyirmi masa müzakirələrlə davam etdi, üzümçülük və şərabçılığın inkişafı ilə bağlı təkliflər səsləndirildi.
Sonra beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərab istehsalçılarının və somelyelərin master-klasları keçirildi.
Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi keçirildi
...Avqustun 30-u. Şamaxı rayonunun Meysəri kəndi. Al-əlvan geyimli müxtəlif personajlar sakinlərdə bayram əhval-ruhiyyəsi yaradır. I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimində yaşanan görüntülər ürək açır.
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşdırılan layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar böyük səmimiyyət və şirin təbəssümlə qarşılanırlar. Onlar bu qonaqpərvərlikdən məmnun görünürlər.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bu qədim yurdun tarixən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri kimi tanındığını diqqətə çatdırdı. Qeyd etdi ki, bu ənənəni uzun illərdir qoruyub saxlayan Şamaxıda həm iri müəssisələr, həm də kiçik ailə təsərrüfatları yaradılmaqdadır.
Şamaxıda üzümçülüyün inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən rayonun rəhbəri bildirdi ki, ötən əsrin 70-80-ci illərində rayonda 37 min hektar üzüm bağı var idi. Məhsuldarlıq ildə 240 min tondan çox idi. Müstəqilliyimizin ilk illərində bu sahə diqqətdən kənarda qaldı, üzüm bağlarının əksəriyyəti məhv oldu. Amma bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı yenidən dövlət səviyyəsində dəstəklənir. Hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektara çatır.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu möhtəşəm festivala görə Fonda minnətdarlığını bildirən icra hakimiyyətinin başçısı
dedi ki, iştirakçılar festivalda ölkəmizin müxtəlif bölgələrini təmsil edən şərab istehsalçılarının məhsulları ilə tanış ola biləcəklər.
Rayonda baş verən sonuncu zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm işlərin görüldüyünü, yeni evlərin, uşaq bağçalarının, məktəblərin, tibb məntəqələrinin tikildiyini xatırladan icra hakimiyyətinin başçısı Şamaxıya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirdi ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Bu gün aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bu cür tədbirlərin keçirilməsi həmin sahəyə göstərilən diqqətdən irəli gəlir. Şamaxı üzümçülük sahəsində qədim və zəngin ənənələrə malikdir. Azərbaycanı dünyaya tanıdan üzüm sortları, məhz Şamaxıda xalq seleksiyası yolu ilə ərsəyə gəlib. Bu tədbirin keçirilməsi təkcə Şamaxı üçün deyil, bütün Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycanın üzüm istehsalına görə hələ 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında birinci və aparıcı respublikalardan biri olduğunu xatırladan nazir deyib: “Azərbaycanın üzüm sortları- Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərləri ölkəmizi nəinki sovet məkanında, bütün dünyada şərabçılıq və üzümçülük ölkəsi kimi məşhurlaşdırmışdı. Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə tənəzzülə uğradı. Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir. Hesab edirik ki, Azərbaycan bu sahədə ənənələrini qısa müddət ərzində bərpa edəcək və öz şöhrətini dünyaya bir daha tanıdacaq. Əlbəttə, bu cür tədbirlərin keçirilməsi şərabçılıq və üzümçülük sahəsinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək buna görə Heydər Əliyev Fonduna, Şamaxı Rayon İcra Hakimiyyətinə, “Regional İnkişaf” İctimai Birliyinə, Dövlət Turizm Agentliyinə və Azərbaycan Milli Xalça Muzeyinə- əməyi keçən bütün təşkilatlara minnətdarlığımı bildirirəm".
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxışına italyan mütəxəssis Pizzi Angelo Antoniodan sitat gətirməklə başladı: “Hazırda bütün dünya qəbul edir ki, üzümçülüyün və şərabçılığın vətəni Cənubi Qafqaz, o cümlədən Azərbaycandır. Yəni, biz, üzümün vətənindəyik”. O, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası adından Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya belə bir bayrama görə təşəkkürünü bildirərək dedi: “İnanıram ki, bu festival ənənəvi hal alacaq və ilbəil öz əhatə dairəsini daha da genişləndirəcək. Mən festival iştirakçılarına bu iki gün ərzində xoş istirahət və əyləncələr arzu edirəm”.
Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olundu.
Sonra şərab sərgisi açıldı. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçirdilər. Şərab istehsalçılarının paradı təşkil olundu. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilmişdi.
...Tədbir davam edir. İştirakçıların diqqəti festivalın rəmzləri olan müxtəlif dekorasiyalar və instalyasiyalarla bəzədilən ərazidə fəaliyyət göstərən yerli şərab istehsalçılarının dequstasiya pavilyonlarına, həmçinin qastronomik və etno zonalara yönəlir. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə- misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim edilir. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunur.
Ərazidəki nəhəng butulkalar yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirir. Bundan əlavə, şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunur- iştirakçılar butulkaları istədikləri tərzdə və rəngdə boyayır, yaradıcı fantaziyalarını reallaşdırırlar.
Festival çərçivəsində iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçirilir, qaliblərə hədiyyələr təqdim olunur.
Tədbirə ailəvi qatılan iştirakçıların övladları uşaq əyləncə zonasında vaxtlarını maraqlı keçirirlər. Burada onlar mini zooparkda heyvanlarla tanış olur, müxtəlif viktorina və ustad dərslərində iştirak edirlər.
“İnadkarın ram edilməsi” filmindən Adriano Çelentanonun rəqs səhnəsi üzümün ayaqla sıxılmasını- Avropada əvvəllər şərabın hazırlanma prosesini çoxlarının yaddaşına maraqlı və əyləncəli bir məşğuliyyət kimi yazıb. İştirakçılar festivalda bu zövqü də yaşaya bildilər.
Tədbirdən daha bir maraqlı səhnə göz oxşayır- kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunur, yelkənli qayıqda musiqi nümunələri ifa edilir.
Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün fotozona da yaradılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Azərbaycan Üzüm və Şərab festivalı davam edir
...31 avqust. Şamaxının Meysəri kəndi ərazisindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksində açılan Azərbaycan Üzüm və Şərab festivalı davam edir.

Səhər saatlarında keçirilən yoqa, streçinq, eləcə də açıq havada şərq döyüşləri üzrə səhər məşqi hər kəsdə xoş təəssürat yaratdı. Festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, habelə qastronomik və etno zonalar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə respublikamızda keçirilən ilk bu cür festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılması məqsədini daşıyır.
Festivalda iştirak edən şərab istehsalçıları xüsusi bəzədilən çətir altında öz müəssisələrinin məhsullarını nümayiş etdirir, bu məhsulların dequstasiyasını keçirirlər.
Festival davam edir...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üzüm və Şərab Festivalında təşkil edilən sərgi və pavilyonlarla tanış oldu, yerli üzüm və şərab istehsalçıları ilə görüşdü.
İki günlük festival üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif tədbirlərlə yadda qaldı. Tədbir iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalarda oldular.
Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirildi. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları oldu. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçirdilər.
Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyətinin nümayişi festival iştirakçılarında xoş təəssürat yaratdı.
 
"Şirvan" az








Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff