booked.net

"Ölkəmizi tanıyaq" tur-aksiyasının növbəti mərhələsi keçirildi REPORTAJ


...19 mart 2019-cu il. Şamaxı İncəsənət Mərkəzi qarşısında toplaşan 40 nəfər yuxarı sinif şagirdi. Hər kəsin həyəcan dolu sevinci çöhrəsindən oxunur. İlaxır çərşənbənin yaz nəfəsinin insanları duyğulandırdığı bir vaxtda bu 40 şagirdi qrup şəklində Azərbaycanımızın qərb bölgəsinə unudulmaz səfər gözləyir. "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində onlar söz-sənət beşiyi olan qədim diyarımızı daha yaxından tanımaq, tarixi abidələrilə tanış olmaq, qonaqpərvərliyi dillərdən düşməyən bölgənin sadə zəhmət adamlarının qonağı olmaq imkanı qazanıblar. Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-X-XI siniflərində təhsil alan bu 40 nəfər şagirdin səfər "xəritəsi"ndə Gəncənin, Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz rayonlarının adları yazılıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı  Tahir Məmmədov səfər ərəfəsində şagirdlərlə görüşür, onlara xoş istirahət arzulayır. Bundan sonra şagirdlər və valideynlərin minnətdarlıqla dolu çıxışları bir-birini əvəz edir. Onlar ölkə başçısının tapşırığı ilə həyata keçirilən bu layihənin gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rolunu yüksək dəyərləndirirlər.
...Təqvimdə martın 23-dür. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin önünə toplaşıblar. Şagirdlərin təntənəli yolasalınma mərasimində RİH başçısının müavini Gülnisə Ələkbərova, Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, məktəb direktorları və valideynlər iştirak edirlər. Məlum olur ki, şagirdlərin gəzintisi 23-26 mart tarixlərini əhatə edəcək. Çıxış edənlər şagirdlərə əyləncəli və xoş istirahətlər arzulayır, bu şəraiti yaratdığına görə ölkə başçısına təşəkkür edirlər.
26 mart 2019-cu il. "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-X-XI siniflərində təhsil alan 40 nəfərdən ibarət şagird qrupunun Gəncəyə, Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz rayonlarına 3 günlük gəzintisi başa çatıb. Onlar ölkəmizin daha bir guşəsini yaxından tanıdıqdan sonra doğma yurda dönüblər. Şagirdlərimizin qarşılanma mərasimində bir başqa həyəcan yaşanır. Hİss olunur ki, tur-aksiya iştirakçılarının hər birinin ürəyincə olub. Fürsətdən istifadə edib şagirdlərin bir neçəsindən
 təəssüratlarını bölüşməyi xahiş edirəm.
Rəcəbova Nərminə:- "Bu qədər maraqlı olacağını, düzü, təsəvvür etmirdim. Tur çərçivəsində 3 gün müddətində biz Gəncədə, daha sonra Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz rayonlarında olduq. Təəssüratımız çox zəngindir. Tarixi abidələri görmək öz yerində, mənimçün maraqlı olan bir də o idi ki, qərb bölgəmizdə baharın ətrini, ilk dəfə idi bu qədər yaxından duydum."
Məmmədova Aytən:-"Tur-aksiya ənənəvi olaraq maarifləndirici xarakter daşıyır. Bu səfərdə həmin rayonların tarixi, mədəni irsi, adət-ənənələri haqqında öyrəndiyim geniş məlumatlar, inanıram ki, çox köməyimə gələcək və mən bir daha əmin oldum ki, Azərbaycanımızın hər yerində
 olduğu kimi, bu bölgəmizin insanları da çox istiqanlı, zəhmətkeş və qonaqpərvərdilər. Onların Vətən sevgisini yaxından duyub-görmək  məni qürurlandırdı."
Həsənov Amil:-"İlk dəfə idi Gəncədə olurdum. Dahi Nizami yurdunu gördüyüm üçün çox xoşbəxtəm. Biz tarixi məkanları gəzməklə qalmadıq, burada özümüzə çoxlu dostlar da tapdıq. Həyat və yaradıcılığını böyük həvəslə öyrəndiyimiz Nizami Gəncəvinin məqbərəsini əyani şəkildə görmək ən unutmayacağım an oldu."
Məktəblilərin səfərdən aldıqları zəngin təəssüratları dinləmək çox maraqlı idi. Onlar gəzdikləri məkanlar haqqında böyük sevgi ilə söz açırdılar. Əldə etdikləri məlumatları, müşahidələrini, düşüncələrini dostları, sinif yoldaşları ilə bölüşəcəklərini söyləyirdilər. İştirakçılarından öyrəndim ki, Şamaxı rayonunun komandası tur çərçivəsində keçirilən breyn-rinq intellektual bilik yarışmasında 24 komanda arasında 2-ci yerə layiq görülüb. 2014-cü ildən təşkil olunan bu turlarda Şamaxı rayonunun komandası ilk dəfədir belə böyük uğur qazanıb.
Məktəbli dostlarıma yeni-yeni təhsil uğurları arzusu ilə onlardan ayrılıram. Şamaxı məktəblilərinin ölkəmizi bir qədər də yaxından tanıdıqlarına, bu səfərin onların qəlbində yurd sevgisi, vətən müqəddəsliyi hisslərini daha da artıracağına sevinirəm.
Könül   MƏMMƏDOVA


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff