booked.net

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi



Azərbaycanın ən ali dövlət mükafatlarına- “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Xarici ölkələrin ali dövlət mükafatları sırasında: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı... O, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru...
-Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi, elmi fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirən mühüm faktlardır. O, xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsidir. Mehriban xanım eyni zamanda, sədaqətli həyat yoldaşı, Möhtərəm Prezidentimizin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənədir. Özünün çoxşaxəli fəaliyyəti ilə bu gün gənc nəsil üçün vətənə xidmətin, milli ənənələrə sədaqətin canlı örnəyidir.
Mehriban xanımın xarakterinin ən ümdə və aparıcı xüsusiyyəti vətənpərvərlikdir, vətənə, torpağa, millətə sonsuz məhəbbətdir. Bu qırmızı xətt onun bütün fəaliyyətindən keçir.
Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir.
O, ölkənin Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunduğu ilk gündən vətəndaş amilini daha qabarıq şəkildə ortaya qoyan fəaliyyətini yeni keyfiyyətdə daha böyük əzmlə, daha səmərəli şəkildə davam etdirməkdədir. Ona görə də biz qısa müddət ərzində beynəlxalq miqyasda böyük dövlət xadimi kimi tanınmış Mehriban xanım haqqında bir fərd kimi danışmırıq. Çünki o, təkcə özünü deyil, həm də Azərbaycan dövlətini, Azərbaycan qadınlarını, türk və İslam dünyasını, müasir, modern dövlət quruculuğunda yaxından iştirak edən qabaqcıl dünya qadınlarını, diplomatları, siyasətçiləri, ictimai, mədəniyyət, elm xadimlərini, anaları, birinci xanımları təmsil edir.
O, hər kəsi heyran qoyan zəkası və müdrikliyi, humanistliyi və kübar davranışı, gözəlliyi və incə zövqü ilə xalqın sevimlisi və ümid ünvanıdır. Qadın amilinin davamlı dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, eləcə də beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni, daha ədalətli baxışların formalaşması, Azərbaycan həqiqətlərinin tanınması və qəbul edilməsi istiqamətində görülən işlər son dövrlər məhz Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi məqsədyönlü fəaliyyəti nəticəsində daha geniş vüsət almışdır.
Qayğını və mərhəməti, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz Onun yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır.
Mehruban xanım Əliyevanın ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi
dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi namınə fəaliyyət göstərməsi az bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.
Mehriban xanım Əliyeva 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunu yaratmaqla, ulu öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Fondun çoxşaxəli fəaliyyətini göz önündə canlandıranda belə bir əzəmətli mənzərədən heyrətlənməmək olmur. Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.
Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək- bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur.
Mehriban xanımın həyatımızın bütün sahələrində gördüyü işlər, qazandığı uğurlar sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını, Fondun dəstəyi ilə minlərlə insanların tibbi müalicə ilə təmin olunması, ehtiyacı olan insanlara yardım edilməsi kimi məsələləri önə çəkməklə, daim dövlətə və millətə ləyaqətlə xidmət etdiyini xatırlatmaqla həm də xalqın Ona olan inamını, etimadını ifadə etmişdir.
Azərbaycan bu gün beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Bunu göstərən mühüm amillərdən biri ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsidir. Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Onun yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına müstəsna töhfələr verib.
Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. Mehriban xanım Əliyeva hələ millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilib. Mehriban xanım Əliyeva, eyni zamanda, Milli Məclisdə Amnistiya aktlarının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub, yenidən cəmiyyətə inteqrasiya olunub.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
Mehriban xanım Əliyevanın rəhbərli ilə Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonda da çoxsaylı layihələr icra olunmuşdur. Belə ki, Şamaxıda gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1 yaşayış binası, Məlikçobanlı kəndində 360 şagird yerlik, Birinci Çaylı və Quşçu kəndlərinin hər birində 200, Avaxıl kəndində 160, Meysəri kəndində 132 şagird yerlik tam orta, Dədəgünəş kəndində 80 şagird yerlik ümumi orta məktəb binaları, Şamaxı şəhərində 100 yerlik və 110 yerlik, Şəhriyar qəsəbəsində 110 yerlik, Quşçu və Meysəri kəndlərində 40 yerlik körpələr evi-uşaq bağçaları, Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyyə, Avaxıl, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri inşa edilmiş, 1100 şagird yerlik şəhər 9 saylı, 160 şagird yerlik olan Qaleybuğurd və Günəşli kənd tam orta məktəblərinin, 210 şagird yerlik Şamaxı Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü liseyin binaları və rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuşdur. Ümumilikdə rayon üzrə 2003-cü ildən bugünədək tikilmiş 28 ümumtəhsil məktəbinin 6-sı Heydər Əliyev Fondu tərəfindən inşa olunmuşdur. Hazırda da Ovçulu kəndində 1 məktəbin, Şamaxı şəhərində 80 yerlik 1 körpələr evi-uşaq bağçasının və Əl İşləri Yaradıcılıq Mərkəzinin Fond tərəfindən tikintisi aparılır. Bu gün Şamaxıda Heydər Əliyev Fondu tərəfindən görülən işlər əhali arasında yüksək qiymətləndirilir.
Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə xalqımızın inamı sonsuzdur. Bu inamı yaradan başlıca amil Onun dövlətçiliyimizə sədaqəti, xalqımıza sonsuz sevgisidir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff