booked.net

Kəlbəcər rayonu 2020-ci il 25 noyabr tarixində işğaldan azad olundu


Kəlbəcər Azərbaycanın Ermənistanla sərhəd rayonudur. Şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan isə Laçın rayonları ilə əhatə olunub.

"Kəlbəcər" toponiminin mənşəyinə gəlincə, mütəxəssislər yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcudluğunu da nəzərə alaraq toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olmuşdur.
Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi.

İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi olan rayonun ərazisi 3054 kv.km. təşkil edir.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
2020-ci il yanvarın 1-nə olan statistikaya görə rayondan məcburi köçkün düşənlərin 22 faizi Gəncədə, 14 faizi Bakıda, 12 faizi Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıblar.

Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır.
Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb.

Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri- sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarına və oradan da Suqovuşan su anbarına yığılırdı. Bu da işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektar əraziyə suyun verilməsi nəzərdə tutulur. Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcərin də qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırıldı və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bu, dövlət başçısının işğaldan azad edilmiş rayonlarımıza ötən ilin noyabrından bəri etdiyi 10-cu səfər idi. Qısa müddətdə 10 səfərin edilməsi ilk növbədə möhtərəm Prezidentin azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına göstərdiyi həssas diqqətin təzahürüdür.

İşğaldan azad edilmiş ərazilərimizdə həyatı öz axarına qaytarmaq üçün böyük işlər görülür. Noyabrın 6-da Dövlət Komissiyasının (Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyası) növbəti iclasında bildirilib ki, 2020-ci il sentyabrın 27-də bu günə qədər bərpa işlərinin aparılmasına 114 milyon manata yaxın vəsait xərclənib.

Kəlbəcər rayonunda da bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə, Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək.

Dövlət başçısının “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlığı, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı da hər birimizi bu gözəl diyarımızın öz əvvəlki görkəminə qayıdacağına, soydaşlarımızın yenidən öz doğma yurdlarında daha böyük həvəslə, eşqlə qurub-yaradacaqları günün yaxınlığına inandırdı.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff