booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb


Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı hazırda iki ölkəni müttəfiqlik səviyyəsinə çatdırıb.

 Fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə münasibətlərin indiki formatını ali format kimi xarakterizə edən Prezident İlham Əliyev bundan yüksək formatın praktiki cəhətdən olmadığını söylədi: "Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, - keçən ilin yanvar ayından, - bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir."

Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatına gəlincə, Azərbaycanın müəyyən mənada artıq fəaliyyətə başladığını dedi. Təəssüfünü bildirdi ki, ölkəmiz bir neçə il bundan əvvəl statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etsə də bu məsələ indiyə qədər həll edilməyib.

Azərbaycan inteqrasiya layihələrində hər zaman bunun məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürür. Mövzu ilə bağlı aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin suallarını cavablandırarkən Prezident İlham Əliyev dedi: "Fikrimcə heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si - 6-cı və 16-cı bəndlər, - zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir."

Ölkəmizin başçısı Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməyi vacib saydı. Qeyd etdi ki, Azərbaycan özünə yetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarıb.

Sualları cavablandırarkən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə rus dilində təhsil almaq istəyənlər üçün də heç bir məhdudiyyət yoxdur. Fikrini konkret faktla da əsaslandıran dövlət başçısı deyib ki, 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.

Görüş zamanı Azərbaycanın turizm potensialına da toxunuldu. Bu haqda sualı cavablandırarkən ölkə başçısı dedi: "Əlbəttə ki, turizm sənayesinin zəif olması bizim zəif yerimizdir. Lakin burada yəqin ki, həm də obyektiv səbəblər var. Çünki bu sahə bizim üçün nisbətən yenidir və burada kadrların hazırlığı, servis məsələləri mühüm rol oynayır."

Amma bir həqiqət də var ki, Azərbaycanda ölkəmizə gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər görülür. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə gedirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu.

Görüşdə dövlət başçısına işğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə imzalanan Şuşa Bəyannaməsi ilə bağlı sual da ünvanlandı. Bu haqda fikirlərini bölüşən Prezident İlham Əliyev dedi: "Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib."

Bu da bir həqiqətdir ki, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.

Ermənilərin işğal dövrü torpaqlarımıza basdırdıqları çox sayda minalar bərpa işlərinə başlamaqda bizə böyük çətinliklər yaradır. Bircə fakta diqqət yetirməyimiz kifayətdir ki, erməni faşizminin hələ də dinc insanlarımıza faciələr yaşatdığını təsəvvür edək: -Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Mina xəritələrinin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir. Təqdim olunmuş xəritənin dəqiqliyi 25 faiz təşkil edir.

Bununla belə, azad edilmiş torpaqlarımızda quruculuq işləri sürətlə davam etdirilir. Xatırldaq ki, ötən il bərpa işləri üçün 1 milyard 300 milyon dollar ayrılmışdı. Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq.

Prezident İlham Əliyev: "Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib."

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılıb və qaytarılsa da Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur. Bu məzarlıqlar hərbi cinayətlərin sübutları olacaq.

Dövlət başçısı Rusiyanın aparıcı kütləvi infornasiya vasitələrinin rəhbərlərinin suallarını cavablandırarkən ölkə iqtisadiyyatı ilə bağlı fikirlərini də bölüşdü. Bildirdi ki, Azərbaycanın ən böyük qaz istehlakçısı Türkiyədir. Türkiyədən sonra İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin adları çəkilə bilər. Keçən il cəmi 19 milyard kubmetr qaz ixrac olunub, bu il daha çox olacaq. Lakin Azərbaycan üçün ən cəlbedici tərəfdaş Türkiyədir.

Prezident İlham Əliyev qeyd etdi ki, yaxşı şərtlər təklif olunduğu təqdirdə, əlbəttə, biz istənilən digər variantı gözdən keçirə bilərik. Hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir. Odur ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür. Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir. Buna görə düşünürəm ki, burada söhbət rəqabətdən getmir, həcmlər müqayisə olunmazdır. Lakin aydındır ki, qaz bazarında hətta kiçik həcmlər bəzən müəyyən əhəmiyyət kəsb edə bilər. Bax, bunun qarşısını almaq üçün biz prinsip etibarilə Rusiya tərəfi ilə bu istiqamətdə iş birliyi qurmağa hazırıq.

Vaksinasiya siyasətinə gəlincə, dövlət başçısı bununla bağlı ölkəmizdə olan real vəziyyəti media nümayəndələrinin diqqətinə çatdırdı, Azərbaycanda bütün dünyanı cənginə alan bu bəladan, ciddi ziddiyyətlərədn qaçmaq mümkün olduğunu söylədi: "Bizdə insanlar vaksin vurdurmağa getdilər və yetərincə intizamlı şəkildə vaksinləndilər. Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Ona görə ki, bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur. Səhiyyə Nazirliyi belə də elan edir ki, bu, yalnız valideynlərin qərarı ilə həyata keçir. Ona görə də bu iki tədbirin kompleksi ən optimal ssenari üzrə hərəkət etməyə imkan verdi."

Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyası da təşkil olunmuşdur. Azərbaycan təqribən 80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün Azərbaycan 10 milyon dollar könüllü ianə ayırıb və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirib.

Son vaxtlara qədər əsas problemlərdən biri Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, həmin dövrdə Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə çatdırmaq çox önəmli idi: "Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil olmağımıza imkan verdi."

Bununla da dünya bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdi. Və bildi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində- apardığı haqq savaşında öz doğma torpaqlarını mənfur düşmənin işğalından azad edib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff