booked.net

Şamaxı şəhər stadionundan reportaj


                  
  Şamaxıya böyük futbol qayıdıb

            Şamaxının yeni istifadəyə verilmiş şəhər stadionunda əsl izdihamdır. “Şamaxı” – “Neftçi” matçını səbirsizliklə gözləyən futbol azarkeşləri bugünkü günü səbirsiliklə, həm də həyəcanla gözləmişdilər. Komandaların stadiona çıxışı stadionda əsl bayrama döndü. Azarkeşlər komandaları ayaqüstə alqışlarla qarşılayırlar. Hər kəs sevimli komandasını qələbəyə ruhlandırır. 

            Xatırladım ki, “Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib. Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı” futbol klubunu “Keşlə” futbol klubunun tamhüquqlu varisi olaraq qəbul edib.

          Qarşılaşmaya yerli sakinlər tərəfindən böyük maraq var. 2 200 tamaşaçı tutumuna malik tribunalar tam dolub. Ayaq üstə qalanlar isə oyunu meydanı əhatələyən dəmir hasarlar arxasından izləyirlər.

          Fəxri tribunada AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər nüfuzlu qonaqlar yer alıblar.

            "Şamaxı"nın güclü rəqiblə qarşılaşdığı bu oyunu canlı olaraq izləyənlər arasında müxtəlif yaş qrupunun üzvləri var. Gülərüz, mehriban, kiçikyaşlı azarkeşlərin "Şamaxı"ya ünvanlanan yazılar əks olunmuş plakatları başları üzərinə qaldıraraq komandalarını necə ürəklə qələbəyə səsləməsini maraqla izləyirəm. Onu da nəzərinizə çatdırım ki, “Neftçi” 21 oyundan sonra 38 xalla 2-ci yeri tutur. Bu faktın özü "Şamaxı"nı qarşıda necə gərgin oyun gözlədiyindən xəbər verir.

            Budur, oyunun baş hakimi Elçin Məsiyevin fiti səsilə matç başlayır. Rəqiblər oyunun elə ilk dəqiqələrindən ötürmələrdə səhv etməməyə çalışır. Çünki oyunun əvvəlində qazanılan üstünlük komandada əhval- ruhiyyənin yüksəlməsinə səbəb olur. 

          Onu da əavə edim ki, baş hakimi Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edirlər. Dördüncü hakim funksiyasını Kamal Umudlu icra edir. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Elgiz Abbasovdur. 

          Şamaxı şəhər stadionunda baş tutan matçın 10-cu dəqiqəsində hesabı meydan sahibləri açırlar. Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirir. Sevincdən azarkeşlərin səsi bütün stadionu bürüyür. 

          Lakin "Şamaxı"nın sevinci uzun sürmür. Rəqib komandanın oyunçusu Tiaqo Bezerra 60-cı, Ramon Maçado isə 72-ci dəqiqədə fərqlənirlər. Oyunun sonuna kimi hesab dəyişmir. "Neftçi" Şamaxıda keçirilən oyundan qalib kimi ayrılır.   

Futbol azarkeşləri Şamaxı şəhər stadionunu dan yüksək əhval-ruhiyyə ilə tərk edirlər. Onların hər biri özü ilə bu maraqlı, əzmkar mübarizə şəraitində keçən oyundan maraqlı təəssüratlar aparır. 

         Reportajımın sonunda onu da sizə çatdırım ki, “Neftçi” hazırda 22 oyundan 41 xalla 2-ci yeri tutur. "Şamaxı" isə 20 xalla 6-cı pillədə qərar tutub. 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff