booked.net

10 may ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür


Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi ümummilli lider zirvəsinə yüksəldib. 

Müstəqil Azərbaycanın hakimiyyət olimpinə ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsi qədər ucalmaq mümkünsüzdür. 

Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir.”

Ümummilli liderin tərcümeyi-halına nəzər yetirək:
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
O, 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.
1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirmişdir.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib MixailQorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışmışdır.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş ulu öndər səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürmüşdür.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.

Ulu öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür. 

Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. 

Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.

Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətilə yaxından tanış olduqca Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləbaran etdiyinə, xalqımıza böyük faciə yaşatdığına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etmişdir.

Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı.

Ulu öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi.

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ümummilli lider ilk növbədə, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Xalqın tarixi yaddaşının özünə qaytarılması Azərbaycanın surətli inkişafında hərəkətverici qüvvəyə çevrilmişdir. Ulu öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən- 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.

Bu sənəd dünyada nadir konstitusiyalardan biridir ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir. 

Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı.

Bu baxımdan Azərbaycanın neft və qaz ehtiyatlarının genişmiqyaslı istismarına xarici investisiyaların cəlb edilməsində 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında xarici neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.

Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu.

Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. 

Ulu öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin- görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün- 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasət, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzaranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair ümummilli liderin başlıca strateji hədəfləri idi. 

Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə ümumilli lider Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. 
 
Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev ana dilinə münasibəti ilə də hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.

Bunlarla kifayətlənməyən ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

2001-ci il mayın 21-də Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi haqqında fərman imzalayan ümummilli liderimiz elə həmin ilin 9-10 noyabrında bu tədbirin həyata keçirilməsinə nail oldu. O, yalnız rəmzi birlik gününü təyin etmədi, real birlik istiqamətində də ilk addımları reallaşdırdı.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. 

Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görür. Bu yaxınlarda Dünya azərbaycanlılarının Şuşada keçirilən 5-ci Qurultayı bir daha bunu sübut etdi. 
               
Ulu öndər Heydər Əliyevin müdrik kəlamları:
-"XXI əsr Azərbaycanın yüksəliş əsri olacaqdır."
-"Bizim övladlarımız, balalarımız azad, sərbəst, müstəqil Azərbaycanda firavan yaşayacaqlar."
-"Biz heç vaxt Azərbaycan torpaqlarının bir qarışını, bir metrini də əlimizdən verməyəcəyik."
- “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.”
-“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.”
-“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.”
- “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.”
- “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”
-"Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur.”
-“Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.”
-“Müstəqillik yolu qədər çətin yol yoxdur.”
-"Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.”
-“Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.”
-“Gərək nəbzin Vətənin nəbzi ilə vursun.”
-“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır!”
-“Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff