Azərbaycanın xarici iqtisadi-siyasi əlaqələri daha da genişlənməkdə, qlobal nüfuzu artmaqdadır. Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu diplomatik müstəvidə olduğu kimi, həm də iqtisadi sahədə ölkəmizin divident qazanmasına şərait yaradır.
Şərq ölkələri, müsəlman və türk dünyası ilə yüksək səviyyəli əlaqələr quran Azərbaycanın Qərblə də yaxın iqtisadi-siyasi münasibətləri bu siyasətin coğrafi və siyasi miqyasını aydın göstərir.
Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxış edən Prezident İlham Əliyev iştirakçıların diqqətini nəhəng layihə olan Orta Dəhlizin üstünlüklərinə yönəldib. Bunun birinci səbəbi kimi bu layihədə iştirak edən ölkələrin öz aralarında yaxşı münasibətlərə malik olduğunu göstərib və sözlərinə əlavə olaraq bildirib ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb.
Prezident İlham Əliyev Azərbaycanda bütün zəruri infrastruktur obyektlərin daha çox yük qəbul etməyə hazır olduğunu deyib və bildirib ki, yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. İndi Azərbaycan mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyiri. Artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə edilir və bu, sadəcə, başlanğıcdır.
"Biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur" deyən ölkə başçısı “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlığın aparılmasını vacib sayıb.
Dövlətizmizin vacib saydığı məsələlərdən bir də bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaqdır. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi üzərində ciddi işləyir.
Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq.
Prezident İlham Əliyev hesab edir ki, biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var.
Dövlətimizin başçısı çıxışında qlobal miqyasda mehriban mühitin vacibliyinə də toxunub və bunun müsbət nümunəsi kimi Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələri göstərib. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz bunun bəhrəsini görürük.
Prezident İlham Əliyev istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmasına da diqqət çəkib və bildirib ki, qarşılıqlı uduşlu vəziyyət yaratmaqla maraqların balansı qorunub saxlanıldı.
İndi Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Bu, ölkəmizin iqtisadi qüdrətini artıran amildir.
Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur. Bu məsələ ilə bağlı irəliləyiş olarsa, bu, bütün tərfdaşların iqtisadi inkişafına, əməkdaşlığın daha da genişləndirilməsinə böyük fayda vermiş olar.
Dövlətimizin başçısı təbii qazla bağlı Avropa Komissiyasının müraciəti müxtəlif istiqamətlər üzrə aparılan işlərdən də söz açıb və bunu deyəndə nələri nəzərdə tutduğunu da açıqlayıb: "Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir."
Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda ölkəmizin 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.
Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır.TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq.
Prezident İlham Əliyev: "...biz Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq."
Dövlətimzin başçısı ölkəmizin yaşıl enerji ilə bağlı potensialının çox böyük olduğunu iştirakçıların nəzərinə çatdırıb: - Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır.
Prezident İlham Əliyev panel iclasda Azərbaycanın fəal iştirakı ilə reallaşdırılacaq daha bir nəhəng layihədən söz açıb və bunu enerji siyasətimizin yeni fəsli adlandırıb: "...keçən ilin dekabrında biz Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzaladıq və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var."
İclasın gedişində Prezident İlham Əliyev təssüf hissilə bildirib ki, Ermənistan Azərbaycanın təqdim etdiyi çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifinə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.
Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.