booked.net

Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib


"Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı harada dalğalanır", bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar”, - deyə dövlət başçısı vurğulayıb. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir, ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri regionların tərəqqisinə, vətəndaşların rifahına, layiqli həyat şəraitinin təmin olunmasına xidmət edən bir siyasətdir . 

Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Salyan rayonuna səfəri, eyni zamanda, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi Regional inkişaf proqramlarının uğurlu icrasının təqdimatıdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılmışdır. Belə ki, Salyan regional “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb.
Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.
Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.
Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.
Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə isə “YAŞAT” Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür.
Dövlətimizin başçısına innovativ yeniliklər - “Metaverse” platforması, “METASAN xidmət”, “Evə dönüş” layihəsi, “e-ASAN” avadanlığı, “Charge Box” elektrik qidalanma stansiyaları barədə də məlumat verildi.
Sonra Prezident İlham Əliyevə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının ilk yubiley medalı, həmçinin “ASAN xidmət” kollektivi adından qurumun 10 illiyinə həsr olunmuş və ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olundu.
Qeyd edək ki, son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi olaraq vurğulanmalıdır. “ASAN xidmət” mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Hazırda Azərbaycanda 25 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.
Bu işlərin davam etdirildiyini və hazırda 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
Qeyd edək ki, Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə saxlanılır. Eyni zamanda, 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu təmin olunur.
Rayonun elektrik enerjisinə artan tələbatının qarşılanması, habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və həmin prosesin daimi nəzarətdə saxlanılması məqsədilə 110/35/10 kV-luq “Qaraqaşlı” və 110/35/6 kV-luq “Şorsulu”, 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və 35/0.4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal İdarəetmə Mərkəzinə inteqrasiya olunması həyata keçirilir.
Şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qəza hallarında elektron xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq xidməti ilə “199 Çağrı Mərkəzi” və qəza xidmətlərinə məlumat ötürülür. Bununla da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir.
 Ümumi qoyuluş gücü 40-50 MVt olan Salyan rayonunun paylayıcı şəbəkələri vasitəsilə 33 min 331 abonentə (31 min 182 əhali, 2 min 149 qeyri-əhali) xidmət göstərilir.

Dövlətimizin başçısı Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verildiyini də bildirib.

Prezident İlham Əliyev deyib: “İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir”.
Prezident İlham Əliyevin uğurlu siyasəti və Azərbaycanın gücü sayəsində Ağdam, Kəlbəcər və Laçın döyüşsüz olaraq işğaldan azad edildi. Bu möhtəşəm qələbədən sonra Qarabağın əsl sakinləri doğma yurdlarına geri döndülər. Prezidentin xüsusi diqqət və qayğı göstərdiyi Qarabağa yenidən həyat qayıtdı və işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işləri sürətlə həyata keçirildi.
Azərbaycan 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başladı. Vətəndaşlarımızın tarixi torpaqlarımızda məskunlaşması isə sürətlə davam edir. Artıq növbə Laçın şəhərinə çatıb. Prezident də müjdəni verdi ki, tezliklə Laçının sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlar.
"Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar".
Səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində, Dövlət başçısı Laçına qayıdacaq ailələrin sayını da açıqlayıb: “Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir”.
Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.Eyni zamanda, Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrin nəzərinə çatdırıldı ki, Qarabağ tarixi torpağımızdır, bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Əgər kimsə bununla razılaşmırsa, yol açıqdır, istədikləri yerə gedə bilərlər.Cənab Prezidentin dediyi kimi, əslində Qarabağın dinc erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar. Amma onlar separatçıların girovuna çevrilib. Əgər belə davam edərlərsə, separatçılar dəmir yumruğun gücünü yenə də hiss edəcəklər.Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
Azərbaycan prezidenti İlham Əliyev dövlət televiziyasına müsahibəsində Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması haqda danışıb, həmçinin Qarabağın erməni əhalisinin gələcəyi məsələsinə toxunub. “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da başqa yaşayış yeri axtarmalıdırlar”, – deyə  bildirib.
Prezident İlham Əliyev hesab edir ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması Ermənistan hökumətinin növbəti çirkin əməlidir.
“Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir?, - deyə dövlət başçısı aprelin 18-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. “Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir”, - deyə prezident vurğulayıb.
Prezident   İlham Əliyev : "Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır."
Bu gün ölkəmiz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verir. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, coğrafi baxımdan Avropa və Asiya arasında yerləşir. Bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamış, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff