booked.net

Azərbaycanda beynəlxalq “Lightest” Forumu keçirilir. Forumun ikinci günü Şamaxı şəhərində davam edib.



Azərbaycanda beynəlxalq “Lightest” Forumu keçirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə mayın 27-dən 30-dək Azərbaycanda beynəlxalq “Lightest” Forumu keçirilir.
Forumda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə yanaşı, xarici ekspertlər də iştirak edirlər. Bu layihə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına xidmət edir. Layihənin məqsədi sərhəd üzərindən elektron xidmətlərin aparılması üçün mövcud qlobal domenlərarası etimad infrastrukturunu (DNS) istifadə etməkdir. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və rahat elektron əməliyyatlar təqdim etməyə şərait yaradır. Avropa İttifaqına üzv dövlətlərlə təhlükəsiz elektron münasibətlərin qurulması, qlobal səviyyədə elektron xidmətlərin yaradılması, dövlətlərarası qarşılıqlı məlumat mübadiləsi “Lightest”in əhəmiyyətini daha da artırır. Layihənin icrasında Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir.
Forumun ikinci günü Şamaxı şəhərində davam edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov forumda müzakirə olunan həllərin şəhərdə də tətbiqini görmək istədiyini və gələcəkdə Şamaxıda bu tip tədbirlərin keçirilməsinin istisna olmadığını qeyd edib.
“Lightest” ilə əməkdaşlıqdan söz açan Məlumat Hesablama Mərkəzinin rəhbəri Elnar Əsədov bu layihənin gələcəkdə Avropa ölkələri ilə aparılacaq tranzaksiyalar üçün ən yaxşı texnologiya ola biləcəyini diqqətə çatdırıb.
Daha sonra təqdimatla çıxış edən Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin koordinatoru Hayko Rossnaqel “Lightest” – “qlobal etibarlılıq” layihəsi haqqında forum iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, qlobal elektron münasibətlərin qurulmasında qarşı tərəfin dəqiq müəyyən olunması əsas məsələlərdən biridir: “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə – elektron imzanın etibarlılığını, dolayısı ilə də elektron imza təminatçısının (sertifikat xidmətləri mərkəzlərinin) etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur. Biz elektron imzanı əvəz etmirik, biz onların domenlərarası daha etibarlı olması üçün infrastrukturla təmin edirik. Bu, elektron imzanın fəaliyyətini daha da faydalı edir”.
Forum Avropanın aparıcı elmi-texniki mərkəzlərinin “Lightest layihəsinin biznes perspektivləri və tətbiq sahələri”, “Etimad siyasətinin təsdiqetmə alətlərinin işləkliyi – konsepsiya, dizayn və qiymətləndirmə”, “Lightest”də avtomatik etimadın təsdiqi”, “Etimad sxeminin yayınlanma mərkəzi üzrə konsepsiya və nümunə tətbiqlər”, “Etimad sxeminin dərcetmə səlahiyyətlisi – konsepsiya və tətbiqlərin nümunələri” mövzuları üzrə təqdimatlarla davam edib. Ümumilikdə çıxışlar etibarlı hesab olunan sistemlərin necə işlədiyi və daha çox bu sistemlərin texniki siyasəti barədə məlumatları əhatə edib. Forumun üçüncü günündə isə Bakıda xarici mütəxəssislər “Lightest” haqqında müxtəlif istiqamətdə mövzularla çıxışlar ediblər.
Qeyd edək ki, “Lightest” layihəsi Aİ ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllərin yaradılması və elektron tranzaksiyalar zamanı saxta kimliklərin müəyyən edilməsi məsələlərini əhatə edir. Bu çərçivədə görüləcək işlər müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, e-satınalma, e-ədliyyə, e-səhiyyə və hüquqi sahələrdə “əşyalar interneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığını təmin edəcək.
Xatırladaq ki, ötən ilin yanvarında da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Lightest” – “qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff